Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 15:27
44 günlük müharibə kimin kim olduğunu göstərdi. Bu döyüşlər Azərbaycana dostunu, düşmənini daha yaxşı tanımaq üçün əlavə bir imkan verdi. Biz bu prosesin davamının noyabrın 9-da Ermənistanın kapitulyasiyası barədə məlum sənəd imzalandıqdan sonra da şahidi olduq. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın prezidenti Emmanuel Makronun istər müharibənin gedişində, istərsə də ondan sonrakı mərhələdə etdiyi davranışlar neytrallığı kobudcasına pozmaqdan, erməni mövqeyini və maraqlarını müdafiə etməkdən başqa bir şey deyildi. Makronun Ermənistanı müdafiə etmək məqsədilə müxtəlif dövlət başçıları ilə təmaslara keçməsi, Dağlıq Qarabağın beynəlxalq hüquqla təsbit olunmuş şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi əksini tapmış BMT-nin məlum dörd qətnaməsinə vaxtilə öz ölkəsinin lehinə səs verdiyini unutması və bu istiqamətdə səsləndirdiyi bəyanatları, açıqlamaları Makronun ermənilərdən çox erməniçilik etdiyini göstərdi.
Ermənistanın "Qraparak" nəşrinın yazdığı məlumatlar isə Makronun erməni sevdasını bütün çılpaqlığı ilə ortaya qoydu. Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Nəşrin yazdığına görə, noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. O, müharibə zamanı dəfələrlə erməni baş nazir Nikol Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?".
Fransa prezidentinin bu açıqlamaları onun qatı ermənipərəst, islamofob olduğunu bir daha təsdiq edir. O da açıq-aydın görünür ki, Makron ölkəsinin Minsk qrupu həmsədri mandatından yalnız Ermənistanın maraqlarını müdafiə etmək məqsədiylə istifadə edib.
Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir. Zatən 44 günlük müharibədə Makronun rəsmi erməni təbliğatının tezislərini səsləndirməsinin şahidi olmuşuq.
Makron müharibə getdiyi günlərdə ümumi prosesə təsir edəcəyini düşünürdü. Bəlkə də Makron tam həqiqəti demir. Paşinyan müharibənin başladığı hələ ilk günlərdən məğlub olacağını anlayırdı və kömək üçün zəng edib yalvardığı havadarlarından, təşkilatlardan, qüvvələrdən Azərbaycana təzyiq edib, onları durdurmaqları üçün xahiş edirdi. Ona görə də Paşinyanın Makrondan da bunu xahiş etmədiyi heç inandırıcı görünmür. Sadəcə, Makron 44 günlük müharibə zamanı regiona təsir, təzyiq gücünün olmadığını, acizliyini ört-basdır etmək məqsədiylə Paşinyandan ona bu barədə heç bir xahişin daxil olmadığını səsləndirmək məcburiyyətində qalıb. Fransa ən böyük erməni lobbisinin yerləşdiyi, dəstək verdiyi bir ölkə kimi lobbi üzvlərinin cavabsız suallarından yaxa qurtarmaq üçün bu variantı seçdi. Çünki Fransanın Azərbaycanı durdurmaq üçün nə o zaman, nə də indi əlində gərəkli alətləri var.
Makronun SMS-ləri həm də ondan xəbər verir ki, Minsk Qrupunun həmsədri olan ölkə Ermənistanı məğlubiyyətdən xilas etmək üçün ciddi cəhdlə çalışsa da əlindən bir iş gəlməyib. Sadəcə, sms-lərin açıqlanması Makronun ermənipərəst mahiyyətini bir daha ortaya qoydu. Bəlkə də Fransanın ermənipərəst dövlət başçısı vassalı olan Ermənistanın acı məğlubiyyətinin əzabını bu SMS-lərlə üzərindən atmağa çalışdı.
Təhməz Əsədov