Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Elnur Qafarovun anası: Oğlum müharibəyə vəsiyyətini edib yollanmışdı - VİDEO - FOTO

Şəhid Elnur Qafarovun anası: Oğlum müharibəyə vəsiyyətini edib yollanmışdı - VİDEO - FOTO

Tarix: 28 Dekabr 2020 23:22

Vətən müharibəsində şəhid olan Elnur Qafarov 1981-ci ildə Siyəzən şəhərində doğulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elnur 2013-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. Aprel döyüşlərində fəal iştirak edib. Vətən müharibəsi başlayanda yenidən silaha sarılaraq torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərə qatılıb.

Elnur səngərdə döyüşməklə bərabər, peşəkar sürücü kimi şiddətli döyüşlərin getdiyi ərazilərdən qənimət götürülən zirehli və digər nəqliyyat vasitələrinin çıxarılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövqelərimizin möhkəmləndirilməsi üçün də çalışıb. Daim güllə və mərmi yağışının altında olan Elnur dəfələrlə ölümlə üz-üzə gəlib. Elə buna görə də hər dəfə evə zəng vuranda ailəsi ilə sonuncu dəfə danışırmış kimi sağollaşıb.

Anası Gülbacı Qafarova Elnurla həmişə fəxr etdiyini, oğlunun Vətən yolunda şəhid olduğunu bildirib.

"Elnur mənim görən gözlərim, danışan dilim, sevimli balam idi. Ailəcanlı, uşaqlarını və işini sevən idi. Oğlum müharibəyə vəsiyyətini edib yollandı. İki dəfə Füzuliyə gedib gələndən sonra dedi ki, ana səni Allaha, uşaqlarımı isə sənə əmanət edirəm. Ola bilsin mən qayıtmadım, şəhid oldum. Elnur şəhid olan gün bunu hiss etdim. Ürəyim titrədi. Az sonra qardaşım evə gəldi. Yolda ona deyiblər ki, Elnur şəhid olub. Çox ağır xəbər oldu... Onun 39 yaşı olmasına baxmayaraq, bir iş görəndə yenə ana kimi məndən məsləhət alırdı. Atası rəhmətə gedəndən sonra Elnur evimizə böyüklük edirdi. Allah şəhidlərimizə rəhmət eləsin", - deyə, Gülbacı Qafarova söyləyib.

Elnur Qafarov qardaşı ilə danışanda düşmənin döyüş texnikalarını, silah-sursatını qoyub qaçdığını, erməni hərbçilərinin müdafiə mövqelərini yarıb irəlilədiklərini, qələbənin yaxınlaşdığını söyləyib.

"Qardaşımla sonuncu dəfə elə şəhid olan günü, oktyabrın 16-da danımışdım. Yerini demirdi. Sən demə Hadrutda imiş. Saat 3-ə işləmiş zəng etdilər ki, Elnur şəhid olub. Döyüş yoldaşlarının dediyinə görə, Hadrutda ələ keçirilən düşmən texnikasını döyüş meydanından çıxararkən snayperlə vurublar. Elnur evin damında gizlənən erməni snayperinin atəşinə tuş gəlib. Üç güllə yarası almışdı", - deyə şəhidin qardaşı Amid Qafarov bildirib.

Elnur Qafarov ailəli idi. Ondan yadigar qalan oğlu Pərvizin 11, qızı Gülayın isə 8 yaşı var.

Şəhidin həyat yoldaşı Arzu Qafarova: "Elvin ailəcanlı və vətənpərvər insan idi. Hamının hörməti saxlayan biri idi. Oktyabrın 10-da mənimlə sonuncu dəfə danışdı. Dedi uşaqlarımıza yaxşı bax, müharibədir, hər an şəhid ola bilərəm. Dedim elə danışma. Uşaqlarımızın şəklini çəkib göndərməyimi istədi... Elə bilirəm o yenə də sağdır".

Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı il təltif olunub.

Milli.Az


Etiketlər:  Şəhid Elnur Qafarovun anası Oğlum müharibəyə vəsiyyətini edib yollanmışdı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ