Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 09:54
Bakı. Trend:
İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.
Firudin Qurbanov diqqətə çatdırıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. İşğal olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır.
Nazir müavinin sözlərinə görə, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.