Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 14:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur və həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, ülu öndər Heydər Əliyev Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, 101 illik tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir:
"Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir".
C.Bayramov qeyd edib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur:
"Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır".
Nazir əlavə edib ki, Heydər Əliyev tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik əsasında təhsilin inkişafı ilə bağlı mühüm strategiya və proqramların qəbul edilməsi mümkün olmuş, nəticədə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2003-cü ilə nisbətən 9 dəfədən çox artaraq cari ildə 2.3 milyard manata çatdırılmışdır:
"Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti məktəbəqədər təhsil sahəsinə yönəltmiş, ümumi orta təhsilə keçidin başa çatdırılması, kənd məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırılması barədə ardıcıl qərarlar qəbul etmişdi. Həmin qərarların həyata keçirilməsi nəticəsində qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənmiş, əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdi. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, ikinci növbədə oxuyan şagirdlərin sayı 16.8 faizə enmiş, başqa sözlə, şagirdlərin 83.2 faizinə birinci növbədə təhsil almaq imkanı yaradılmışdır. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur".
C.Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır.
Təhsil nazirinin sözlərinə görə, Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi:
"Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsilalanların sayı 70 mindən 100 minə yüksəlmişdi. Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi. 1993-1994-cü tədris ilindən ödənişli təhsil tətbiq edildi. Həmin dövrdə ödənişli təhsilin tətbiqi, demək olar ki, çətin iqtisadi şəraitdə ali təhsil müəssisələrinin maliyyə imkanlarını xeyli yaxşılaşdırdı. Heydər Əliyevin respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi son illər uğurla davam etdirilmişdir. Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi bütün sovetlər birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların davamlılığı təmin edildi".
C.Bayramov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur:
"Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir. Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin