Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 22:48
Qırx dörd gün davam edən Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, cəmiyyətin müxtəlif tələbəqələrin nümayəndələri, o cümlədən ziyalılar da torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərək şəhidlik zirvəsinə ucalıblar. Onlardan biri Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı müəllimi Qurbanov Emil Vaqif oğludur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, şəhid Emil Qurbanov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olub. O, 1986-1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub.
İgid döyüşçü 2001-ci ildə orta məktəbdə və universitetdə onunla birlikdə təhsil alan Vüsalə xanımla ailə həyatı qurur.
2002-2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq rayonuna qayıdır. Hərb sahəsinə sonsuz marağı onu yenidən, üç aylıq fasilədən sonra ordu sıralarına aparır. E.Qurbanov 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayır. 2005-ci ilədək burada hərbi xidmətini davam etdirir. 2005-ci ildə yenidən Lənkərana qayıdan Emil "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlayır, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak edir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunur. 2012-ci ilin sentyabrınadək orada fəaliyyət göstərir. Seçdiyi ixtisası çox sevdiyi üçün E.Qurbanov müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək bir vaxtlar təhsil aldığı Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlayır.
Məktəbin direktoru Səadət Kazımova şəhid Emil Qurbanov haqqında qürurla danışıraraq deyir: "Emil bizim fəxrimizdir. O, məktəbdə təkcə müəllim deyil, şagirdlərə dost, yoldaş və sözün əsl mənasında, sirdaş idi. Onun bir çox şagirdlərin üzərində haqqı var. Onlara böyük qardaş sevgisi ilə yanaşırdı, doğru yol göstərirdi, pis vərdişlərdən uzaq olmağa səsləyirdi".
Qəhrəman döyüşçümüz peşəsini sevdiyi kimi, ailəsini və Vətənini də çox sevirdi. O, həm gözəl övlad, oğul, həm də həyat yoldaşı və ata idi. 19 illik ailə səadətindən bir gözəl qız övladı var. Özü nə qədər mərd, cəsur və qorxmaz idisə, övladı da onun kimidir. 18 yaşlı bu gənc qız Lənkəran Şəhər Humanitar Kollecində Texnologiya müəllimi ixtisasında təhsil alır.
Vətən müharibəsi başlananda səfərbərlik xidməti tərəfindən ordu sıralarına çağırıldıqda, Emil Qurbanov hər kəslə görüşüb, halallaşıb yola düşdü. Gedərkən müəllim yoldaşlarına söyləyib ki, mən döyüşə gedirəm, şəhid olacağam...
Vətən müharibəsində tağım komandiri kimi leytenant Emil Qurbanov Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmalıqla döyüşüb. Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə iki güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
Döyüşçü yoldaşlarının sözlərinə görə, Emil şəhid olarkən üzündə təbbəsüm olub... Bəli, Emil müəllim şəhadətə qovuşarkən şəhidlik şərbətini daddı...