Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 19:56
İranın Evin həbsxanasında koronavirusun yayılması haqda xəbərlər orada saxlanılan azərbaycanlı siyasi məhbusların sağlamlığı ilə bağlı narahatlığın artmasına səbəb olub.
Evin həbsxanasının 4-cü bölməsində saxlanılan məhbuslar ailələri ilə telefon danışığı zamanı onların saxlanıldığı hissədə bir məhbusun koronavirusa yoluxduğunu bildiriblər.
Güney Azərbaycan Televiziyası Günaz TV-nin yayımladığı xəbərə görə, azərbaycanlı milli fəalların saxlanıldığı bölmədə Hüseyn Müttəqiyan adlı bir siyasi məhbusun koronavirus testi müsbət çıxıb və bu bölmədə saxlanılan bir çox siyasi məhbusda koronavirus simptomları müşahidə olunub, ancaq həbsxana məsulları buna baxmayaraq məhbusları məzuniyyətə göndərməkdən hələ ki imtina edirlər.
Evin həbsxanasının 4-cü bölməsində hal-hazırda 4 milli fəal, o cümlədən Tohid Əmir Əmini, Kiyanuş Aslani, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı saxlanılır.
İnsan haqları müdafiəçiləri dəfələrlə Evin həbsxanasının bu bölməsində koronovirusun yayıldığı barədə xəbərdarlıq edib, narahatlıqlarını bilidiriblər. Daha öncə də HRA xəbər agentliyi mart ayında Evin həbsxanasının 4-cü bölməsində bir yoluxma halının təsdiqləndiyi barədə məlumat yaymışdı.
Həbsxananın bu bölməsində izdihamın çox olması və son zamanlarda siyasi məhbusların həbsxana və məhkəmə sistemi rəsmiləri tərəfindən məzuniyyətə buraxılmasına maneə törətmək nəticəsində kironavirusun sürətlə məhbuslar arasında yayıldığı bildirilir.
Dekabrın 24-də HRA xəbər agentliyi Evin həbsxanasında iki siyasi məhbusda koronavirusun aşkarlandığını bildirmişdi. Həmin agentliyin hesabatına əsasən, siyasi məhbuslar Kamran Qadiri və Məsud Müsahib Evin həbsxanasında koronavirusa yoluxduqları, ancaq həbsxana rəsmilərinin siyasi məhbusları xəstəxanaya deyil, həbsxananın klinikasında karantinə aldıqları bildirilmişdi.
Həmçinin siyasi məhbusların saxlanıldığı Evin həbsxanasının 8-ci bölməsində 40 siyasi məhbus bir məktub yayaraq, məhbusların pandemiyadan dolayı həyatlarının təhlükədə olduğu barədə xəbərdarlıq vermişdilər.
İranda pandemiyanın başlamasından bəri məhkəmə sisteminin siyasi fəalların sağlamlığına laqeyd münasibəti müşahidə olur. İranın məhkəmə sistemi pandemiyadan dolayı bir təlimat əsasında həbs müddəti 5 ildən az olan məhbusları müvəqqəti azadlığa buraxsa da, siyasi məhbusların əksəriyyəti bundan faydalana bilmirlər. Ərdəbil və Rəcayişəhr həbsxanalarında məhbus olan Abbas Lisani və Lətif Həsəni pandemiyanın başlayandan bəri hələ məzuniyyətə buraxılmayıblar.