Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 21:04
Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) “Springer Nature Author Workshop” mövzusunda seminar keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, BDU və “Springer Nature” beynəlxalq nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilən müəllif seminarında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, universitetin professor-müəllim heyəti, gənc alimlər, mütəxəssislər, həmçinin doktorant, dissertant və magistrlər iştirak edib.
Rektor Elçin Babayev dünyanın nüfuzlu jurnallarını çap edən, bütün tədqiqatlar icmasına yüksək xidmət göstərən “Springer-Nature” nəşriyyatı haqqında məlumat verib, məqsədinin elmi tədqiqatların inkişafını təmin etmək və tədqiqatçıların nəticələrinin nəşr olunmasına kömək etmək olduğunu söyləyib.
Azərbaycanda aparılan elmi tədqiqatların beynəlxalq miqyasda əhəmiyyətindən, elmi nəticələrin aparıcı və impakt – faktorlu jurnallarda çapından danışan rektor elmi məqalələrin müasir standartlara uyğun, aydın və dolğun şəkildə yazılmasının xüsusi önəm kəsb etdiyini, “Springer-Nature” nəşriyyatı ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb. Universitetin təbiət və humanitar profilli jurnallarının beynəlxalq standartlara və müasir tələblərə cavab verəcək səviyyəyə qaldırılması, “Springer-Nature” şirkəti və digər bu kimi nəşriyyatlarla əməkdaşlıq edilməsi istiqamətində fikirlərini bölüşüb. Eyni zamanda, məqalələrin düzgün tərtibi, rəqabət apara biləcək nəticənin alınması və alimləri aldatmaq məqsədilə yaradılmış “yırtıcı jurnallar”ın ayırd edilməsi, nüfuzlu jurnal seçimi barədə də danışıb.
“Springer-Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle təmsil etdiyi qurumun tədqiqatçıların və mütəxəssislərin ehtiyaclarına xidmət edən dünyanın aparıcı akademik nəşriyyatı olduğunu söyləyib. Azərbaycandan “Springer-Nature” nəşriyyatına ən çox məqalənin fizika, kimya və riyaziyyat sahələrindən təqdim edildiyini söyləyən Merve Okur Karagülle çap olunmuş nüfuz sayına görə Təhsil Nazirliyinin, o cümlədən 565 məqalə ilə Bakı Dövlət Universitetinin ən öncül sıralarda olduğunu bildirib.
“Springer-Nature” şirkətinin regional direktoru Şahin Giray isə birgə əməkdaşlıq, effektiv əlaqələndirmə, elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim xarakterli seminar keçirib.
Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb və seminarın davamlı olması qərara alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin