Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nizami Gəncəvi ili'' çərçivəsində ilk tədbir keçirilib - FOTO

''Nizami Gəncəvi ili'' çərçivəsində ilk tədbir keçirilib - FOTO

Tarix: 6 Yanvar 2021 20:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Prezidentin bu Sərəncamı birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin nəzərinə çatdırılıb. Sərəncamın dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Yanvarın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli şairin yaşayıb yaratdığı doğma şəhəri Gəncədə bir qrup hərbi qulluqçu Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Nazirlikdən Sonxeber.net-a bildirilib ki, Gəncə Tarix və Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova ziyarətçilərə Nizami ziyarətgahı ilə bağlı ətraflı məlumat verib, əsgərlərə bukletlər təqdim edib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən "dəyirmi masa"dan əvvəl əbədiyaşar şairin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına həmişə xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Heydər Əliyev illər əvvəl deyib: "Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Polkovnik A.Qurbani Ulu Öndərin daha bir ibrətamiz fikrini də hərbi qulluqçuların diqqətinə çatdırıb: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır".

A.Qurbani əlavə edib ki, məhz bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır.

"Dəyirmi masa"da qeyd olunub ki, Heydər Əliyevlə başlanan ənənələr Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin "Nizami Gəncəvi ili", işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.

Prezident İlham Əliyevə görə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qoruya bilək.

Respublikanın Xalq artisti Alim Məmmədovun Nizami Gəncəvinin qiyafəsində salona daxil olması və qalib vətən əsgərlərini salamlaması, o cümlədən "Xəmsə"dən parçaların, vətənpərvərlikdən yoğurulan misraların səslənməsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova çıxış edərək əsgərləri 44 günlük Vətən müharibəsində qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik edərək deyib: "Siz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı şəhər və kəndlərimizi azad etməklə yanaşı, həm də Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanı, mənəvi-maddi abidələrimizi də düşmən əsarətindən xilas etdiniz. Tezliklə Şuşada "Xarı bülbül" festivalı, Vaqif poeziya günləri də xalqımızın sevincinə səbəb olacaq".

X.Hüseynova böyük fərəh hissi ilə vurğulayıb ki, 30 ilə yaxın bir müddətdə düşmən tapdağında olan tarixi əzəli torpaqlarımızda Azərbaycan əsgərinin nəfəsi duyuldu, qəhrəman döyüşçülərimizin ana dilində nərə çəkərək hücuma keçməsi ilə dağların, dərələrin, meşələrin, yurd yerlərinin həsrətinə son qoyuldu. Pənahəli xanın, ölməz sənətkarlarımız Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün, Nəvvabın və neçə-neçə ulularımızın, şəhidlərimizin də ruhları şad oldu. Bütün bunlara görə Müzəffər Ali Baş Komandanımıza və rəşadətli ordumuza minnətdarıq.

Gəncə Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov öz çıxışına Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kəlamlarla başlayıb: "Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir... Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir... Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq".

Ə.Qasımov teatrın xətti ilə "Nizami Gəncəvi ili" çərçivəsində Azərbaycan ədəbiyyatının, ana dilimizin, ümumiyyətlə, mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin təbliği ilə bağlı hərbi hissələrdə silsilə tədbirlərin keçiriləcəyini vəd edib.

Polkovnik-leytenant Samir Səfərov bildirib ki, "Dəmir yumruq" əməliyyatı ilə başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, hücum diplomatiyası, ordu ilə xalqın sarsılmaz birliyi, həmçinin Azərbaycan Ordusunun gücü və döyüş ruhu, vətənpərvərliyi qələbə çaldı. Milli-mənəvi dəyərlərə malik olmayan ordu döyüşdə heç vaxt qələbə çala bilməz. Odur ki, hər bir əsgər və zabitin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onun mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində "Nizami Gəncəvi ili" çərçivəsində həyata keçirəcəyimiz tədbirlərin də mühüm rolu olacaq.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Turac Yusifova "Nizami Gəncəvi ili" çərçivəsində xidmət etdiyi mədəniyyət ocağında ilk tədbirin keçirilməsindən qürur duyduğunu və bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.

"Dəyirmi masa" Nizami Gəncəvinin şeirlərinin qiraəti ilə başa çatıb.


Etiketlər:  Nizami Gəncəvi çərçivəsində tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ