Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:16
Bakı. Ceyhun Ələkbərov - Trend:
2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 hektardan çox sahədə çıxış alınmayıb.
"Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib. Suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb. Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib".
Nazir qeyd edib ki, pambıq sahəsində yüksək nəticə əldə olunub:
"100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib".