Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:24
Mədəniyyət paytaxtımız Şuşa. Az qalıb yenidən Vaqif günləri, "Xarı Bülbül" Festivallarında görüşməyə. Şuşa da bu günləri səbrsizliklə gözləyir. Yenə hər küçədə, hər evdə Qarabağ şikəstəsi səslənəcək. Bizim olan torpaqlarda bizim avazımız gələcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, mədəniyyət və musiqi tariximizin beşiyi Şuşa.
Şuşada həyat bir başqa idi. Burda yetişən hər kəsin bir musiqi sevgisi vardı. Hər addımda şur, seygah pərvazlanırdı. Təəssüf ki, son 28 ildə bu küçələrdə yad tapdaqlar olub. Xarı bülbül bu illər ərzində azad Şuşanın qoynunda çiçək açacaq günü gözləyib, həsrət çəkib. Bu müddətdə tapdanıb, əzilib. Bir Qarabağ şikəstəsi duymaq istəyib.
O gün gəlib çatıb. Artıq tar, kaman qəmli notlar ifa etməyəcək. Şuşada, Cıdır düzündə 28 illik həsrəti nəql edən həzin avazı gələcək. Yenə Vaqif poeziya günləri olacaq, yenə "Xarı bülbül" festivalı keçiriləcək.
Artıq atdığımız hər addımda Xarı bülbül açacaq, hər evə Xarı bülbülün ətri yayılacaq. Qələbə ətri. Şuşanın mədəni həyatı yenə zəngin olacaq, ilkin siması, tarixi siması bərpa ediləcək.
Bizim olan o xoşbəxt Şuşada həmişəlik bizim avazımız gələcək. Mədəniyyət paytaxtımızda o gözəl festivallarda görüşmək ümidi ilə.