Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 10:40
Avropa ölkələrində artıq vaksinasiya prossesi maksimum sürətlə davam etdirilir. Hazırda koronavirusa qarşı peyvənd olunan insanların sayına görə ilk yeri italiya tutur.
Roma Papasının peyvənd olunmamaq "intihara bərabər imtina"dır çağırışı vaksinasiya prossesinə təkan verib. Böyük Britaniyada isə kral ailəsi artıq peyvənd olunub. Ölkə əhalisi arasında da bu prossesin qısa zamanda icrası nəzərdə tutulur. Vaksinə ümidlər böyükdür. Virus isə hələki öz işində. Dünyada COVID-19-a yoluxanların sayı 90 milyon nəfəri ötüb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İtaliyada koronavirusa qarşı peyvəndlənən şəxslərin sayı artıq yarım milyon nəfəri ötüb.
Bu günədək ölkədə 583 min 50 nəfərə vaksinasiya kampaniyası çərçivəsində peyvənd vurulub. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında koronavirusa qarşı ən çox peyvənd tətbiq olunan ölkə olub və ölkənin müxtəlif regionları üzrə paylanmış peyvənd dozalarının 63,5 faizi artıq istifadə edilib. Ölkənin səhiyyə qurumlarının verdiyi məlumata görə, gündəlik peyvənd hədəfi 70 min nəfərə çatdırılmalıdır və hazırda peyvənd vurulan şəxslərin orta yaş həddi 50-59 arasındadır. Baş nazir Cüzeppe Konte kampaniyanın ilkin mərhələsindən məmnunluq ifadə edərək, qarşıdakı aylarda mürəkkəb olaraq qalacaq bu vəziyyətin öhdəsindən gəlmək üçün hazırkı tempin qorunub saxlanmasının vacibliyini vurğulayıb.
İtaliyada əhalinin peyvənd kampaniyasında iştiraka təşviq edilməsində Roma Papası Fransisk də mühüm rol oynayıb. O, möminlərə ünvanladığı müraciətlərində kampaniyanı ciddiyə almağa və iştiraka çağırışlar edib. Roma-katolik kilsəsinin rəhbəri bildirib ki, insanlar aktiv şəkildə peyvənd vurdurmalıdırlar, bu prosesdən yayınmaq onun üçün "intihara bərabər imtina"dır və bu cür addım atanları anlamaq mümkün deyil. 84 yaşlı Papa bildirib ki, növbəti həftə Vatikanda təşkil olunacaq vaksinasiya prosesində iştirak edəcək və koronavirusa qarşı peyvənd vurduracaq.
Böyük Britaniyada da vaksinasiya prossesi sürətlə mdavam etdirilir. Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə əhalisinin yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunması proqramı hazırda ölkə rəhbərliyinə gündə 200 mindən çox insana vaskin vurmağa imkan verir. Onun sözlərinə görə, yaxın gələcəkdə peyvənd olunan şəxslərin sayı gündəlik 300 min nəfər olacaq. Bundan əlavə, İngiltərədə gələn həftədən etibarən infeksiyanın yayılması ilə mübarizə aparmaq üçün cəmiyyətdə əsas peşə sahibləri, o cümlədən müəllimlər, həkimlər və evdə işləyə bilməyən satıcılar həftədə iki dəfə pulsuz koronavirus testi verəcəklər.
Yeri gəlmişkən Böyük Britaniya kraliçası II Elizabet və həyat yoldaşı Edinburq hersoqu Filip bu gün koronavirusa qarşı peyvənd olunublar. 94 yaşlı kraliça və 99 yaşlı Şahzadə Filip Vindzor sarayında ailə həkimləri tərəfindən peyvənd ediliblər.
Böyük Britaniyada bəzi zənginlər isə öz ölkələrində vaksinasiya növbəsini gözləməyərək Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a qarşı peyvənd olunur.
Bu barədə "Daily Telegraph" nəşri məlumat yayıb. Dubay şəhərindəki klinikaların müştərilərinə ABŞ-ın "Pfizer" peyvəndini təklif etdiyi qeyd olunur.
Bu arada dünyada koronavirus pandemiyasına yoluxanların sayı artıq 90 milyon nəfəri ötüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Son sutka ərzində dünyada 726 min 869 nəfər covıd-19-a yoluxub, 12 min 491 nəfər isə bu virusdan dünyasını dəyişib.