Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 23:10
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağcabədi rayon sakini Toğrul Abbasovdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Toğrul Abbasov Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Anasını kiçik yaşlarında itirib. Vətən ona hər iki mənada ana olub. Vətənə, torpağa olan sevgisi onu hərbçi peşəsinə bağlayıb. N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündə şəhid olub.
Şəhidin atası Bayram Abbasov bildirib ki, Toğrulun ən böyük arzusu işğalda olan torpaqlarımızın azad edilməsi idi. "Öz arzusuna çatdı. Onu heç kəs məcbur etmədi. Torpaqları yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu".
Toğrul Abbasov bir müddət əvvəl ailə həyatı qurmuşdu. Ata olmağa hazırlaşırdı. Bir neçə ay qalırdı övladının dünyaya gələcəyi günə. "Əgər qızım olarsa, adını Yağmur qoyacağam", - deyirdi. O, şəhid olduqdan sonra bir qız övladı dünyaya gəlib. Arzusuna uyğun olaraq adını Yağmur qoyublar.
Şəhidin bibisi Asya Şəmmədova deyir ki, Toğrul 7 ay idi ailə həyatı qurmuşdu: "Övladını görmək nəsib olmadı. Arzusu var idi, əgər qızı olarsa, adını Yağmur qoyacaqdı. Biz onun arzusunu yerinə yetirdik. Vətən sağ olsun".
Şəhidin qardaşı Cavad Abbasov deyir ki, Toğrul mərd, cəsarətli, vətənpərvər olmaqla yanaşı, həm də ailəcanlı idi. "Axırıncı dəfə atamla danışanda deyib ki, hər şey yaxşıdır. Narahat olmayın. Vətən müharibəsinin ilk günündə şəhid oldu. Mən qardaşımla fəxr edirəm", - deyə Cavad bildirib.
Toğrul Abbasov doğulub boya-başa çatdığı doğma kəndində dəfn olunub. Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.