Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 14:36
Qarabağ münaqişəsinin artıq bitdiyi və tarixə çevrilməsi ilə bağlı fikri dünən Moskva görüşündə elə ilk olaraq Rusiya Prezidenti Vladimir Putin səsləndirdi.
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, artıq Qarabağ münaqişəsinin bitməsi barədə konkret fikirlər söyləyə bilərik:
"Dünən Prezident İlham Əliyev də o barədə danışarkən Vladimir Putinin sözlərini təsdiqləyərək "Qarabağ problemi keçmişdə qaldı" dedi. Bu, bizim üçün, əslində, olduqca böyük bir nailiyyətdir. Çünki aydındır ki, Azərbaycan tərəfi üçün bu yanaşmanın mövcudluğu, Azərbaycan Prezidentinin bu barədə fikir söyləməyi təbiidir, amma faktiki olaraq bölgədə baş verən proseslərin əsas moderatoru olan, Qarabağ münaqişəsində əsas vasitəçi rol oynayan, münaqişənin dayandırılmasını, əsasən, təmin edən ölkə olan Rusiya Prezidentinin bu sözləri deməsi faktiki olaraq, doğrudan da, prosesə beynəlxalq müstəvidə artıq tarix kimi, münaqişənin sona çatması kimi yanaşılmasının göstəricisidir. Bu, olduqca mühüm məqamdır və hesab edirəm ki, doğrudan da, artıq Qarabağ münaqişəsinin bitməsi barədə konkret fikirlər söyləyə bilərik.
O ki qaldı Rusiya və Azərbaycan Prezidentlərinin Qarabağın statusu məsələsi ilə bağlı fikirlərinə Paşinyanın reaksiyasına, mən bunu məğlub olmuş tərəfin reaksiyası kimi və bu məğlubiyyətin acı nəticələrinin qaçılmaz olması kimi dəyərləndirirəm. Burada söhbət bütövlükdə Ermənistandan, Ermənistan xalqından yox, Paşinyanın siyasi kursunun iflasa uğramasından və eyni zamanda Paşinyana qədərki son on illiklər ərzində Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin faktiki olaraq bütün siyasi karyeralarının iflasa uğramasından söhbət gedir. Çünki 1980-ci illərin sonlarından bəri, bütün son üç onillik ərzində Ermənistanda formalaşan rejimlərin siyasəti və fəlsəfəsi məhz istisnasız olaraq hamısının əsas ana xətti reallıqdan tam şəkildə uzaq, nə qanuni, nə ədalətlə bağlı heç bir yanaşmaya söykənməyən Qarabağın Ermənistana birləşdirilməsi ideyası üzərində qurulmuşdu. Bu gün görürük ki, artıq bu yanaşma tam şəkildə iflasa uğradı. Artıq bütün dünya gördü ki, bu xülyalar puç oldu".
O qeyd edib ki, bu, artıq Paşinyana dəstək verib, onu hakimiyyətə gətirən, faktiki olaraq II Qarabağ müharibənin baş verməsinə şərait yaradan qüvvələrin məğlubiyyətidir:
"Paşinyanın ən böyük fəlakətlərindən biri onun şəxsi fəlakətidir. O, demokrat kimi hakimiyyətə gəldi. Haradasa, Ermənistan cəmiyyətində də, beynəlxalq müstəvidə də müəyyən qədər fikirlər var idi ki, bəlkə bu, başqa bir yanaşma ortaya qoydu, Ermənistan xalqını bu fəlakətdən, bu iflasdan xilas etmiş oldu. Paşinyan müstəqil fiqur olmadığı üçün bunu edə bilmədi. Paşinyana dəstək verib, onu hakimiyyətə gətirən kənar qüvvələr elə 1980-ci illərin sonunda Sovet İttifaqının dağılması məqsədi ilə Qarabağda separatçılıq meyillərini yaradan xarici qüvvələr idi.
9 Noyabr (2020) və 11 yanvar (2021) tarixlərindəki bu bəyanatlara nəzər salın. Bunların ana xətti, fəlsəfəsi kimi bölgədə yeni şəraitin və 1980-ci illərə qədər olan əməkdaşlıq və inkişafın bərqərar olması təşkil edir. Bu, çox mühim məsələdir. Söhbət yalnız müharibənin sona çatmasından getmir, söhbət həm də ondan gedir ki, biz bölgəmizi yenidən sabitlik və inkişaf bölgəsinə çevirmək istəyirik. Bu, artıq Paşinyana dəstək verib, onu hakimiyyətə gətirən, faktiki olaraq II Qarabağ müharibəsinin baş verməsinə şərait yaradan qüvvələrin məğlubiyyətidir, bu, o qüvvələrin iflasıdır. Paşinyan bunu yaxşı dərk edir və anlayır ki, onun fəlsəfəsi ilə hakimiyyətdə uzun müddət qalmaq mümkün olmayacaq. O, ya gərək tamamilə siyasi kursunu 180 dərəcə dəyişə, bunu da siyasətdə etmək o qədər də asan deyil və yaxud da gec-tez artıq onu etiraf etməlidir ki, onun kursu və bu son 3 onillik ərzində Ermənistandakı siyasi kurs tam şəkildə iflasa uğradı, puç oldu".
"Bölgə yeni dönəmə üz tutur. Yeni dönəmdə Rusiya, Azərbaycan, Ermənistan, bütövlükdə postsovet məkanı inkişaf üçün yeni təşəbbüs əldə edib. İstər Paşinyanın hakimiyyəti dövründə, istərsə də ümumilikdə Ermənistan hakimiyyətinin son 3 onillikdəki kursu faktiki olaraq artıq reallaşdırıla bilməz. Çünki bu kursun reallaşdırılması Ermənistanın bir dövlət olaraq mövcudluğunu sual altına qoyur. Erməni xalqı gec-tez bunu başa düşməlidir və başa düşəcəkdir. Çünki bunun alternativi yoxdur. Söhbət Ermənistanın dövlət kimi olub-olmamasından gedir və Paşinyan yaxşı dərk edir ki, 180 dərəcə dəyişməsə, Ermənistanın mövcudluğu şübhə altında olacaq. Ona görə də Paşinyanın dünənki reaksiyasının izahını bunda görürəm. Çünki o başa düşür ki, bu sözü Azərbaycan Prezidenti İlham Əliyevdən başqa Putin də deyib. O, artıq başa düşür ki, onun vasitəçi kimi üz tuta biləcəyi dövlət varsa, o da Rusiyadır. Bölgədə söz sahibi olan böyük dövlət Rusiyadır. Paşinyan görür ki, bu reaksiya Rusiya tərəfindən də qəbul olunmur. Ona görə də o, artıq əsəbi şəkildə Qarabağın statusunun həll olunmayaraq qaldığı ilə bağlı ifadələr işlətdi. Deyərdim ki, o, bu sözləri Ermənistanın daxili auditoriyasına və Ermənistandakı o konservativ, radikal qüvvələrə istiqamətləndirmişdi. Onun üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı işlətdiyi bu ifadələri nə Rusiya Prezidentinə, nə Azərbaycan Prezidentinə, nə Rusiya auditoriyasına, nə Azərbaycan auditoriyasına istiqamələndiməmişdi. Və mən əminliklə deyirəm ki, son 3 onillik ərzində Ermənistandakı siyasi kurs tam şəkildə iflasa uğradı və bu xalq, bu dövlət çox çətin seçim qarşısında olsa da konstruktivliyə, əməkdaşlığa tərəf dönməlidir. Bunun alternativi Ermənistan üçün çox ağır olar. Ona görə də Ermənistan dövlətinin qorunması üçün Ermənistan xalqı və rəhbərliyi onlar üçün nə qədər ağır da olsa, tam şəkildə öz kursunun dəyişdirilməsinə nail olmalıdır", - Elşad Məmmədov deyib.
Təhməz Əsədov