Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan öz məqsədlərinə çatdı'' - İlqar Vəlizadə

''Azərbaycan öz məqsədlərinə çatdı'' - İlqar Vəlizadə

Tarix: 12 Yanvar 2021 16:48

Noyabrın 10-da imzalanmış sənədin reallaşdırılması üçün müəyyən addımların atılması zəruri idi.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, üçtərəfli yeni bəyanat yeni iqtisadi reallığın əmələ gəlməsinə gətirib çıxaracaq:

"Son həftələr ərzində regionda müəyyən proseslər baş verir. Yəni, sülhməramlılar gəlib, amma onların funksiyaları tam dəqiqləşdirilməyib. Eyni zamanda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı müddəanın reallaşması kifayət qədər yerinə yetirilməyib. Digər müxtəlif proseslər, problemli digər məsələlər meydana çıxmışdı. Belə ki, separatçı qurumun nümayəndələri təxribatçı çıxışlar edirdi, Ermənistanın XİN rəhbərinin Xankəndinə qeyri-qanuni səfəri baş tutmuşdu. Bunlar hamısı qıcıq doğuran məsələlər idi və ayın 10-da imzalanmış bu sazişin reallaşmasına əngəllər törədirdi. Bunların hamısını çözmək lazım idi. Bu üçtərəfli görüş gələcəkdə belə destruktiv addımların qarşısını almaq, "oyun" qaydalarını müəyyənləşdirmək üçün vacib bir görüş idi. Digər tərəfdən də noyabrın 10-da qəbul edilmiş üçtərəfli sənəddə konkret bu addımların atılması ilə bağlı mexanizmləri nəzərdə tutmamışdı. Yəni, bu ümumi bir sənəd idi. İndi mexanizmlərin yaranması ilə bağlı konkret addımlar atılır. İşçi qrupunun yaradılması buna hesablanıb ki, yaxın bir müddətdə yeni dəhlizlərin yaranması, köhnə dəhlizlərin bərpa olunması ilə bağlı regionda layihələndirmə işləri aparılsın, işlər sürətlənsin. Bu da yeni iqtisadi reallığın əmələ gəlməsinə gətirib çıxaracaq. Çünki bu iqtisadi reallıq siyasi proseslərə də bir növ diqtə edəcək, onların gedişatına müsbət təsir göstərəcək".

İ.Vəlizadə deyib ki, Rusiya artıq regionda yeni bir münaqişə istəmir:

"Təəssüflər olsun ki, erməni tərəfi hələ də statusdan danışır, köhnə gündəmdə olan məsələləri ortalığa atır. Amma artıq bu iqtisadi proseslər, yeni layihələr onu göstərir ki, köhnə gündəm artıq yoxdur. Nə Rusiya tərəfi, nə Azərbaycan tərəfi "münaqişə" terminindən istifadə etmirlər. Rusiya üçün, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi yoxdur, status müzakirə olunmayıb. Hamısı keçmişdə qalan məsələlərdir, onlar keçmişdə də qalmalıdır. Yeni reallıq bax budur - İqtisadi proseslərin inkişafına köklənmək. Yeni reallıq yeni iqtisadi mənzərənin yaranmasına köklənib və ona görə də həm Rusiya, həm Azərbaycan tərəfi köhnə gündəmi yenidən gündəmə gətirilməsinin əleyhinədirlər. Burada nə Azərbaycan, nə də Rusiya niyə "münaqişə" terminindən istifadə etmir?! Çünki hər iki tərəfə də münaqişə lazım deyil. Münaqişə Rusiya üçün regionda geosiyasi riskləri, təhdidləri gündəmə gətirə bilər. Bunu Rusiya da istəmir. Rusiya artıq bir neçə münaqişədə iştirak edib, regionda yeni bir münaqişə istəmir. Çünki onun geosiyasi mövqelərini zəiflədə bilər. Ona görə "münaqişə" sözündən qaçır. Azərbaycan tərəfi də bəllidir ki, biz artıq öz məqsədlərimizə çatdıq, ərazi bütövlüyümüzü bərpa etdik. Putin də dəfələrlə demişdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə də biz münaqişə istəmirik. "Münaqişə" termini təəssüflər olsun ki, hələ də Ermənistan tərəfi işlədir. O da müəyyən problemlər yarada bilər. Amma düşünürəm ki, üzümüzə gələn müdətdə Rusiya tərəfi imkan tapıb Ermənistanı başa salacaq ki, atıq bu termindən istifadə etmək əbəsdir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan məqsədlərinə çatdı İlqar Vəlizadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ