Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 17:42
"44 günlük Vətən müharibəsi nəticəsində qələbəmizdən sonra regionda tamamilə yeni geosiyasi vəziyyət yaranıb".
Bunu Sonxeber.net-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.
Ekspert bildirib ki, erməni tərəfi müharibənin acı nəticələrini hələ ki həzm edə bilmir:
"Bu yeni geosiyasi durumu formalaşdıran ən vacib amillərdən biri müharibədən sonrakı tənzimlənmə və əməkdaşlıqdır. Bu proseslərin içində də birinci ən uğurlu addım elə o kommunikasiya xətlərinin bərpası və yenidən təşkil olunmasıdır. Burada bütövlükdə həm Ermənistan Azərbaycan arasında kommunikasiyaların açılması, eyni zamanda regionun digər dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi ən vacib məsələlərdən idi ki, bu addımı biz atdıq.
Ermənilərin AŞPA-da, başqa tribunalarda "Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşaması qeyri-mümkündür" kimi belə sərsəm fikirləri xəstə təxəyyüllərinin nəticəsidir. Onlar həmişə mütərəqqi bir addım zamanı problem çıxarmağa çalışırlar ki, bu, mümkün olmasın. Azərbaycandan revanş götürmək üçün səsləndirilən bu cür bəyanatların hamısı erməni xalqını, daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır. Amma onlar hadisələri, baş verənləri real analiz edə bilsələr dərk edərlər ki, burada əməkdaşlıqdan başqa variant yoxdur. Növbəti müharibəyə getmək istəyirlərsə, biz də gedəcəyik. Nəticəsi necə ağır olacaq, onu ermənilər özləri təsəvvür etsinlər. Erməni tərəfi müharibənin acı nəticələrini hələ ki həzm edə bilmir. Ona görə də belə sərsəm bəyanatlar verirlər.
Sülh və qarşılıqlı əməkdaşlıqdan başqa yol yoxdur. Müharibə, münaqişə ilə ömürlük, əbədi yaşamaq olmaz. Biz qonşuyuq və heç kim də bu regiondan köçüb gedən deyil, reallıq budur. Ermənilər də bunu dərk etməlidirlər. Dərk etməyəcəklərsə onların başa düşdükləri dildə danışacağıq, o da yumruqdur! Nəticədə də Ermənistanın dövlət kimi varlığı sual altına düşəcək.
44 günlük müharibə bizim ərazimizdə gedirdi və Ermənistan tərəfi nə qədər təxribatlara əl atdı, Gəncəni və dinc əhalinin yaşadığı başqa şəhər, rayonları bombaladılar ki, bizi təxribata çəksinlər, biz də Ermənistan ərazisinə cavab atəşi açaq, bunlar da müharibəyə üçüncü tərəfi cəlb etsinlər. Amma biz bu təxribata getmədik və ərazilərimizi işğaldan azad etdik, dövlət sərhəddimizi bərpa etdik. Ermənistan hücum planlaşdırarsa, raket atanda artıq öz ərazisindən atmış olacaq. Biz də əks həmlə kimi düz Ermənistanın ərazisini vuracağıq və birbaşa Ermənistan dövlətinin özü üçün təhlükə yaranacaq. Onun acı nəticəsini Ermənistan dövləti də, erməni xalqı da görəcək.
Ermənistanın nə normal düşüncə sahibləri, nə də öndə gedəcək liderləri var. Varsa, bu dövləti ələ alsınlar və başa salsınlar ki, bizim bölgədə normal şəraitdə yaşamağımızın bir yolu var - dinc, sülh şəraitində yaşamaq.
Əgər bu ərazilərdən köçmək seçim olsa, bu regondan erməni xalqı köçməlidir. Bizim qonşularımızın hamısı ilə normal münasibətlərimiz var, bir Ermənistandan başqa. Ermənilər düşünməlidirlər ki, revanş istəyinə düşərlərsə növbəti müharibə onlar üçün ikiqat ağır olacaq. İndi müəyyən təxribatlar törədirlər, işğaldan azad edilən ərazilərə diversiya qrupları göndərirlər. Bu belə davam edərsə, çox ağır cavab alacaqlar.
Biz sülh əlimizi uzatdıq. Ağıllarını başlarına yığıb əməl etsələr bizim bu kommunikasiya xətlərindən ən çox yararlananlardan biri Ermənistan olacaq. Vallah, ağlı başında, normal dövlət bundan heç vaxt qaçmaz. İndi hamı əməkdaşlığa, inteqrasiyaya, qloballaşmaya gedir. Düzfür, onlar bizə çox ağrı-acılar yaşadıblar, amma onunla bərabər biz öz insanpərvərliyimizi, humanistliyimizi göstəririk. Başa düşəcəklər, düşməyəcəklərsə, hansısa bir təxribata gedəcəklərsə, onda "Dəmir yumruq" yenə işə düşəcək və başlarından əzib yerlərində oturtmaqdan başqa çarəmiz qalmayacaq".
Təhməz Əsədov