Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 22:30
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının üçüncü iş günü dünyada 2 milyondan çox insanın həyatına son qoymuş COVID-19 infeksiyası ilə bağlı "COVID-19 peyvəndi: etik, qanuni və praktiki mülahizələr" adlı məruzənin dinlənilməsi ilə başlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məruzənin təqdimatından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd haqqında məlumat verərək, artıq 5 istehsalçı tərəfindən 2 milyard peyvəndin istehsal edildiyini diqqətə çatdırıb. Ancaq peyvəndin qeyri-bərabər paylanıldığını qeyd edib. Vurğulayıb ki, bəzi ölkə və şirkətlər peyvəndin qiymətini süni şəkildə artırır.
Həmçinin Baş direktor logistika və şəffaflıq sahələrində problemlərin olduğunu da deyib. Diqqətə çatdırıb ki, peyvəndin əlçatanlığına maneə yaradan mövcud problemlər aradan qaldırılmasa, COVID-19 pandemiyasının yaratdığı gərginlik davam edəcək.
Sessiya parlamentarilərin müzakirələri ilə davam edir.