Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 23:14
Rusiya alimləri koronavirusun "Britaniya ştammı"nın mikroskopla fotosunu çəkiblər. Qeyd olunur ki, bu, dünyada ilk belə hadisədir. Bir neçə ölkədə sürətlə yayılmağa başlayan koronavirusun mutasiyası ilə bağlı elmi tədqiqatlar aparılıb. Müəyyən edilib ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı 35 faiz və daha çoxdur. Lakin sevindirici məqam odur ki, öldürücülük qabiliyyətinin daha yüksək olması ilə bağlı şayiələr tamamilə əsassızdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tibb elmləri doktoru Nuran Abdullayev bu barədə deyib: "Son vaxtlar koronavirusun "Britaniya ştammı"nın müalicəsinin fərqli və daha öldürücü olması barədə fikirlər səslənir. Bu, qətiyyən doğru deyil. Həmin mutasiyaya görə yaranan problem ondan ibarətdir ki, yoluxma əmsalı çox olduğuna görə insanlar arasında tez yayılmaq imkanına malikdir, bu da səhiyyə sistemləri üçün müəyyən çətinliklər yarada bilər".
Digər elmi iddialardan biri də odur ki, virusun mutasiyasının yoluxanların xəstəliyi simptomsuz keçirməsidir, yəni yoluxan şəxs özü də çox vaxt bundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir. Canlı ünsiyyət zamanı isə başqalarını da yoluxdurur.
"Britaniyada yayılan mutasiyaya uğramış virus bir insana yoluxandan sonra ətrafdakıların 15 faizini yoluxdura bilir. İndiyə qədər bizə məlum olan virus isə ətrafdakıların 11 faizini yoluxdura bilir. Bu, həmin virusun yoluxduruculuğunun daha yüksək olduğunu göstərir", - deyə N. Abdullayev bildirib.