Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 15:30
Göstərdiyi iradə, qətiyyət sayəsində Vətən müharibəsində qazandığı qələbəylə qurbağa gölünə daş atan Ali Baş Komandan bu gün daxildə baş verən proseslərə görə məsuliyyət daşıyan bəzi məmurlara da yerini göstərmək məcburiyyətindədir. Heç sirr deyil ki, bu gün Azərbaycanda hakimiyyət davası edən bəzi sönmüş ocaqlar hələ də qığılcım axtarışındadırlar. Bu qığılcımı onlar bəzi nazirliklərin, dövlət qurumlarının məntiqsiz qərarları, lüzumsuz açıqlamaları vasitəsilə yaradıb, 44 günlük müharibə müddətində bir yumruq kimi birləşməyi bacaran xalqı yenidən müxtəlif cəbhələrə bölmək məqsədilə istfadə etməyə çalışırlar. Radikal müxalifət qüvvələri üçün bir fürsət olan bu xoşagəlməz hallar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
30 illik həsrətə bir aydan bir az artıq müddətdə son qoyulmaqla bu illər ərzində "kozr"larına çevrilən Qarabağ kartından məhrum olan radikal qüvvələr fiaskoyla barışa bilmirlər. Lakin onlara əməlləri ilə nəsə deməyə şərait yaradan, xalqı özlərindən narazı salan məmurlar da hələ heç vaxt olmadıqları qədər dövlət başçısının xalq qarşısında açıq tənbehi ilə qarşılaşdılar.
Prezident İlham Əliyevin ötən gün Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsi bir çox məqamları daha da aydınlaşdırdı. Qibləgahımıza çevrilən, Azərbaycanın mədəniyyət, dünyanın islam paytaxtını hədəfləyən Şuşada yenidənqurma, bərpa işləri, infrastruktur layihələrin icrasını tərəfindən yaradılan qərargah vasitəsilə yaxından izləyən Prezident bu müsahibədə hər şeyi olduğu kimi diqqətə çatdırıb. Məlum oldu ki, bir çox məmurlar Şuşada torpaq zəbt etmək üçün yarışa giriblər. Prezident bu cür hallara yol verməyəcəyini diqqətə çatdırıb. O bildirib ki, kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilməz. Bu, yolverilməzdir və qəbuledilməzdir. 30 illik işğaldan, talandan sonra belə öz milli ruhunu, kimliyini qoruyub saxlayan Şuşa kimi şəhərin infrastrukturunun bərpa edilməsi prosesində subardinasiya gözlənilməlidir.
Prezident bu qətiyyəti ilə təkcə işğaldan azad edilən ərazilərin bərpasını doğru-düzgün yerinə yetirməyi yox, eyni zamanda Vətən müharibəsində ətrafında bir yumruq kimi birləşən xalqı parçalamaq istəyənlərə qarşı bir cəbhə açdığını bir daha göstərdi. Bu gün hər xırda hadisəyə görə dövlətdən hesabat tələb edənlərin əksəriyyətinin niyyəti yuxarıda qeyd etdiyim kimi bəllidir. Niyəsi isə çox sadə. Hakimiyyət davası edən radikal qüvvələr yoxsa müharibədən yeni çıxdığımızı və soyuq müharibənin indi başladığını bilmirlər?!
Dövlət idarəçiliyində bu gün Azərbaycan yeni mərhələyə qədəm qoyub. Prezidentin son açıqlamaları bundan sonra da kadr islahatlarının qaçılmaz olacağını, struktur dəyişikliklərinin qapıda olduğunu bir daha nümayiş etdirdi. İşğaldan azad edilən ərazilərdə məmur özbaşınalığına qarşı sərt mövqe ortaya qoyan Ali Baş Komandan əslində "Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm" deməklə müharibədə canları-qanları hesabına Zəfər çalan Ordusuna və onu sona qədər dəstəkləyən xalqına olan hörmət və ehtiramını izah etdi.
Təhməz Əsədov