Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2021 18:30
Pandemiya məhdudiyyətlərinə qarşı Avropanın bir çox ölkəsini nümayişlər bürüyüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bəzi ölkələrdə polislə nümayişçilər arasında qarşıdurmalar baş verib.
Niderland, Belçika, Sloveniya, Çexiya, Avstriya, Macarıstan və Bolqarıstan keçən həftə koronavirus məhdudiyyətlərinə qarşı nümayişlərin keçirildiyi ölkələr arasında ilk sıralarda idi.
Niderlandda komendant saatının ilk həftəsində başlayan etiraz və talanların son 25-30 ildə ən şiddətli olduğu bildirilib.
Nümayişlər zamanı etirazçılar koronavirus test mərkəzinə də ziyan vuraraq avtomobilləri və motosikletləri yandırıb, mağazaların şüşələrini qıraraq talan ediblər.
Avstriyada insanların bir yerə yığılması qadağasına rəğmən təxminən 5 000 nümayişçi etiraza qalxıb.
Belçikanın paytaxtı Brüsseldə hökumətin epidemiya ilə mübarizə çərçivəsində tətbiq etdiyi və aylardır davam edən məhdudiyyətlərinə etiraz etmək istəyən 300 nəfər nəzarətə alınıb.
Etirazçılar azadlıqlarının bərpa edilməsi barədə şüarlar səsləndirib.
Danimarkada da 2020-ci ilin dekabrından bəri davam edən məhdudiyyətlərə qarşı etirazlarda polislə qarşıdurma yaşanıb.
Bolqarıstanda nümayişçilər koronavirusa yoluxma və ölümlərinin nisbətən az olduğu halda hökumət tərəfindən görülən tədbirlərin mənasızlığını, funksional olmadığını, tədbirlərə görə işsiz olduqlarını deyiblər və səhiyyə nazirinin istefasını tələb ediblər.
Sloveniyanın Koper şəhərində yüzlərlə valideyn və şagirdlər də nümayişə qatılıb və hökumətin məktəbləri bağlamaq qərarına etiraz ediblər. Məktəblərin açılması lazım olduğunu iddia edən etirazçılar distant təhsil istəmədiklərini vurğulayıblar.
Macarıstanın paytaxtı Budapeştdə, Çex Respublikasında da etirazlar baş verib.
Qeyd edək ki, 2021-ci il yanvarın əvvəlində Almaniyada, 2020-ci ilin oktyabrında İspaniyada, 2020-ci ilin noyabrında Fransada məhdudiyyətlərə qarşı nümayişlər keçirilib.