Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 15:21
Bakı. Trend:
Müasir protezlərin üstünlükləri nümayiş olunub, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransı keçirilib
Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən Müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.
Agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb. O, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib. Bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.
Görüşdə müasir protezlərin üstünlükləri təqdim edilib. Qeyd edilib ki, dünyanın məhşur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir.
Sonra C.Əbdul-Qədirov tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlər və hədəflərə dair mətbuat konfransı keçirib.
Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib. Qeyd edib ki, 2020-ci ildə Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl şəhər və rayonlarındakı reabilitasiya və sosial xidmət müəssisələri də əsaslı şəkildə təmir olunaraq və yenidən qurularaq istifadəyə verilib. Qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün son illərdə müasir reabilitasiya infrastrukturu yaradılıb. Bu il üçün 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq.
C.Əbdul-Qədirov ötən il əlilliyi olan 11344 şəxsin, o cümlədən, müharibə ilə əlaqədar əlilliyi olan 1648 şəxsin protez-ortopedik bərpa xidməti ilə təmin olunduğunu bildirib. Ümumilikdə əlilliyi olan şəxslərə 35 000 reabilitasiya vasitəsinin verildiyini deyib. O, postmüharibə dövründə də qazilərimizin ehtiyaclarına uyğun reabilitasiya vasitələri, sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunduqlarını qeyd edib.
Əlilliyin qiymətləndirilməsi sahəsində ötən il aparılan işləri diqqətə çatdıran Agentlik sədri əlillik təyinatlarının elektron sistem üzərindən şəffaf şəkildə aparıldığını diqqətə çatdırıb. Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində e-texnologiyaların tətbiqi işlərinin davam edəcəyini deyib.
C.Əbdul-Qədirov ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasından da bəhs edib. O, Nazirlər Kabinetinin Qərarı əsasında yaradılmış komissiya tərəfindən bu sahədə operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə işlər aparıldığını diqqətə çatdırıb.