Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibənin qazandırdığı dost - Qarabağa gəlirlər

Müharibənin qazandırdığı dost - Qarabağa gəlirlər

Tarix: 4 Fevral 2021 17:57

Vətən Müharibəsi Azərbaycana dostunu da, düşmənini də daha yaxından tanımaq üçün bir fürsət oldu. 44 gün davam edən savaş müddətində Azərbaycana "səninləyik" deyib dəstək nümayiş etdirəni də gördük, arxa çevirəni də, dil uzadanı da. İtaliya məhz birincilərdən oldu. Müharibə müddətində və sonra Azərbaycanın xeyirinə açıqlamalar edib, rasmi Bakı ilə həmrəylik nümayiş etdirən, mənəvi dəstəyini əsirgəməyən İtaliya höküməti bunu əyani şəkildə nümayiş etdirməkdən də çəkinmədi.

Müharibənin yeni bitməsindən günlər sonra Azərbaycana səfərə gələn İtaliya parlament nümayəndələrinin Gəncə və Ağdama gedərək şahidi olduqları erməni vəhşilikləri barədə yerli media vasitələrinə etdikləri çoxlu sayda açıqlamalar Azərbaycanın haqlı mövqeyinə verilmiş olan vacib dəstəklərdən idi. İtaliya Deputatlar Palatasının sədr müavini həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı "Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik" ifadəsi isə haqq savaşından yeni çıxan dövlətə uzadılan bir dost əli oldu. 

Bunun ardınca qısa zaman kəsiyində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətinin Bakıya səfərləri və qarşılıqlı əməkdaşlıq istiqamətində atılan mühüm addımlar, imzalanan sənədlər bu iki ölkənin strateji tərəfdaşa çevrilməsinə kimi gəlib çıxması üçün töhfəsini verdi. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən ərazilərimizdə İtaliya şirkətlərinin bərpa, yenidənqurma işlərində yaxından iştirakına müsbət yanaşdı. Bariz nümunəsi kimi Prezident İlham Əliyevin ötən gün İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsini göstərə bilərik. Azərbaycanın dövlət başçısı Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkənin bu işlərə yaxından cəlb edilməsindən və onlara geniş imkanlar yaradılmasından məmnunluğunu "Yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq" sözləri ilə bəyan edib. 

Bu görüş əsnasında artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkətinin dəvət olunduğunu bildirən Prezident əmin olduğunu bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştirak etməyən belə şirkətlərin sayı daha da artacaq: "Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".

"Sözümüz imzamızdır" deyən Preizdentin "Maire Tecnimont Group" şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi Azərbaycan dövlət başçısının dostluğa, tərəfdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini, yer ayırdığını bir daha təsdiq etdi. İtaliya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması bu dostluğun, əməkdaşlığın inkişafına xüsusi töhfə verəcək. Azərbaycan üçün İtaliyanın, İtaliya üçün isə Azərbaycanın iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Eyni zamanda, iki ölkəni birləşdirən geosiyasi maraqların da olduğunu nəzərə alsaq hər iki tərəfin əlaqələrin inkişafında, əməkdaşlıq spektrinin genişlənməsinin Qarabağda bərpa, yenidənqurma, quruculuq mərhələsindən sonra da şahidi olacağıq.

Təhməz Əsədov


Etiketlər:  Müharibənin qazandırdığı dost Qarabağa gəlirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ