Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:36
Fevral ayının 4-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.
DSX-dən Sonxeber.net-a bildirilib ki, mərasimdə çıxış edənlər tədbirin ölkəmizdə Vətən Müharibəsində möhtəşəm qələbənin coşqusunun yaşandığı və şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi dövrə təsadüf etməsi ilə əlamətdar olması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı vurğulanıb.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələrin endirilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Karantin və sosial məsafə qaydalarına ciddi əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.