Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2021 12:54
Bakı. Samir Əli - Trend:
Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Xidmətdən Trend-ə verilən məlumata görə, fevral ayının 7-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuşdur. Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçmışlar.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilmişdir.
Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxmini ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olunaraq götürülmüşdür.
Sərhəd pozucularından biri - Yardımlı rayon sakini 1991-ci il təvəllüdlü Heydərli Orxan Nizami oğlu sərhəd naryadı tərəfindən yaxalanmış, digər 3 nəfər ərazinin mürəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmışlar.
Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilmiş, Yardımlı rayonunun polis şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakinləri 1991-ci il təvəllüdlü Sultanov Eldəniz Arzuman oğlunun və 1996-cı il təvəllüdlü Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılmışlar.
Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qayalıqdan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olmuşdur. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.