Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 20:15
Azərbaycan Xəzərin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında deyib.
Dövlət başçısı bildirib: "Sizlərə daha bir vacib tədbirlə bağlı məlumat vermək istərdim. Bu da Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağına dair Anlaşma Memorandumunun imzalanmasıdır. Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən sovet dövründə kəşf edilib. Yəni, kəşf edilmiş yataqdır. Bu yatağın işlənilməsinə dair baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu "Dostluq" adlandırdıq. Bu, Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu ilin yanvar ayında həmin memorandum imzalandı və əminəm ki, tezliklə biz bütün şərtləri razılaşdıraraq yekun müqaviləni imzalayacağıq. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaqdır".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib: "Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir".