Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 12:28
Bakı. Samir Əli - Trend:
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizdə səfərdədir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır. Həmçinin, fevralın 12-dən etibarən “Posttravmatik stress pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanılıb. Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.
Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.