Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 18:58
Gizli keçmişinə görə dünyanın ən qorxunc oteli kimi tanınan Cecil Oteldə 16 nəfər ölüb.
Los Ancelesin mərkəzində yerləşən Cecil Hotel 1927-ci ildə xidmətə başlayıb. Vitray pəncərələri, mərmər koridorları, 700 otağı, xurma ağacları və təmtəraqlı bir asma mərtəbələri olan bu otel milyonlarla dollara başa gəlib. Otel ilk dəfə açıldıqda turistlərə və işgüzar səyahətçilərə alternativ olaraq ekonomik yerləri təklif edib. Lakin iki il sonra bütün dünya böyük bir iqtisadi böhrandan sarsılıb. Bu böhran Los Ancelesə də dəyib və bir çox insan evsiz qalıb. Otelin ətrafında o qədər işsiz və evsiz var idi ki, bir müddət sonra otel turistlərdən daha çox evsiz insan qəbul etməyə başlayıb. 1930-cu illərdə Cecil oteli cinayətkarların, seks işçilərinin və qatillərin görüş yeri olub. Oteldə bu günə qədər 16 qətl, intihar və səbəbi açıqlanmayan paranormal hadisələr baş verib. Hətta Amerikanın ən qorxunc serial qatilləri də bu oteldə uzun müddət qalıblar.
Yaxşı, bu otelin şiddət və qətllə məşhur olma səbəbi nə idi?
Sonxeber.net musavat.com-a istinadən sözügedən otelin əsrarəngiz tarixçəsi ilə sizləri tanış edir.
Cecil otelində baş verən intihar hadisələrindən birincisi 19 Noyabr 1931-ci ildə baş verib.
46 yaşlı Norton, 12 Noyabrda "James Willys" adı altında Cecil otelində bir otaq kirayələyib. Nortonun niyə başqa bir adla oteldə qeydiyyatdan keçdiyi məlum deyil. Otağına yerləşdikdən düz bir həftə sonra otelin xidmətçiləri tərəfindən ölü tapılıb. Norton məhkəmə hesabatına görə zəhər içərək intihar edib. Bu ölüm oteldəki bir sıra intihar hadisələrinin başlanğıcı olub. Növbəti il 25 yaşlı Benjamin Dodich oteldə yerləşdiyi gün silahla özünü vurub.
Dodich istintaqı da çox qısa olub. Otağında ölüdürülməsinə dair bir əlaməti yox idi və silah özünə məxsus idi. Bu səbəbdən ikinci ölüm də intihar kimi qeydə alınıb. 1934-cü ildə 53 yaşlı Louise D. Borden Cecildəki otağında boğazı kəsilmiş vəziyyətdə tapılıb. Borden ölməzdən əvvəl səhhətinin pis olduğunu və bu səbəbdən yaşamaq istəmədiyini bildirən bir məktub yazıb. İstintaqdan sonra Bordenin boğazını ülgüclə kəsildikdən qısa müddət sonra qan itkisindən öldüyü açıqlanıb. 2015-ci ilə qədər Cecil oteldə onlarla insanın həyatı məhv olub. O qədər ki, 1960-cı illərdən bəri otel "The Suicide" (intihar) adı ilə tanınmağa başlayıb.
1937-ci ildə Grace E. Magro adlı gənc bir qadın otelin 9-cu mərtəbəsindən yıxılaraq, telefon tellərinə ilişib. Magro hadisə zamanı telefon məftillərinə dolaşdığı üçün sağ qalıb, ancaq ağır yaralanıb. Böyük səylər nəticəsində qadın xəstəxanaya aparılıb və bütün müdaxilələrə baxmayaraq, orada ölüb.
Magro iddia edildiyi kimi təsadüfən yıxıldı, yoxsa bir cinayətin qurbanı oldu?
Bu gün də bu suallara cavab verilmir. Hadisədən sonra Magronun otağı paylaşdığı dostu M. W. Madison dəfələrlə dindirilib. Madison rəfiqəsinin pəncərədən necə düşdüyünü izah edə bilməyib. Dəlil olmadığından, qətldə ittiham edilə bilməzdi. Bu səbəbdən Magronun ölümü ehtiyatsızlıq və hadisə olaraq qeyd edilib.
1944-cü ildə 19 yaşındakı Dorothy Jean Purcell adlı bir qadın Cecil oteldə uşaq dünyaya gətirib. Lakin qadın qorxunc bir hadisəyə imza atıb. Dorothy körpəsini otelin pəncərəsindən ataraq, onu öldürüb. Dorothy istintaq zamanı oteldə birgə qaldığı sevgilisini körpənin ağlamaq səsi ilə narahat etmək istəmədiyini bildirib. Bu səbəbdən də körpəni pəncərədən atıb. O, 1945-ci ildə psixoloji durumu qeyri-sabit olduğu üçün günahsız hesab edilərək, sərbəst buraxılıb.
1947-ci ildə Amerika tarixində ən çox danışılan qətllərdən biri Cecil oteldə baş verib. "Qara Dahlia" kimi tanınan Elizabeth Short 22 yaşlı gənc və gözəl bir qadın idi. Yanvarın 15-də onun çılpaq cəsədi Cecil otelinin yaxınlığındakı boş bir sahədə tapılıb.
Elizabetin cəsədi iki yerə bölünmüş, təcavüz edilmiş şəkildə tapılmışdı. Qatil Elizabethin bədənini diqqətlə təmizləyib. Bu səbəbdən hadisə yerində barmaq izləri də daxil olmaqla dəlil hesab edilə biləcək heç bir iz tapılmayıb. Elizabeth işinin birinci mərhələsində 750 müfəttiş işləyib. Çox sayda insan qətl şübhəlisi olaraq dindirilib. Ancaq açıq bir dəlil olmadığı üçün Elizabethin öldürülməsi bu günə qədər aydınlığa qovuşmayıb.
1964-cü ildə Cecil Hotel bir daha dəhşəti yaşayıb. Goldie Osgood adlı bir qadın otağında vəhşicəsinə öldürülüb.
Goldie Osgood yaşlı təqaüdçü bir telefon operatoru olub. Quş bəsləməyi çox sevdiyindən tanışları ona göyərçin qadını deyirdilər. 4 iyun 1964-cü ildə otelin xidmətçisi Goldie Osgoodun otağında çılpaq və bıçaqlanmış vəziyyətdə tapıb. Osgooda təcavüz edilib, pulları oğurlanıb və zorakılığa məruz qalıb. Cansız bədəni tapıldıqdan qısa müddət sonra otelin yaxınlığında paltarları qan içində olan Jacques B. Ehlinger qatil hesab edilərək həbs olunub. Ehlinger qətl zamanı otelin yaxınlığında olduğunu etiraf edib. Paltarındakı qanın Osgooda aid olduğu düşünülürdü. Hamı Ehlingerin qatil olduğuna əmin idi. Ancaq onun qatil olması sübut olunmayıb, Ehlinger dəlil çatışmazlığından azad edilib. Osgoodun qatili bu günə qədər tapılmayıb.
"Gecə ovçusu" ləqəbi ilə tanınan Richard Ramirez 1984-85 illəri arasında törətdiyi cinayətlərlə Amerikanın kabusuna çevrilib. Bir ildə 13 nəfəri öldürən qatil, səhər qurbanlarının evinə pəncərədən girərək təcavüz etdikdən sonra bu insanları öldürüb. Səhərə qədər Ramirez qanlı paltarlarını otelin zibil qutularına atdıqdan sonra, otağına çılpaq şəkildə çıxırdı. Cecil otel o qədər dəhşətli vəziyyətdə idi ki, heç kim bundan şübhələnmirdi. 1985-ci ildə bütün televiziya kanalları bu dəhşətli qatil xəbərləri ilə dolu idi. Bəzi şahidlərin ifadələri ilə qatilin eskizi çəkilib. Bundan xəbərsiz olan Ramirez bir avtomobil oğurlamağa çalışdığı zaman tutularaq, edama məhkum edilib. Lakin qatil edamını gözləyərkən həbsxanada ölüb.
1991-ci ildə Cecil otel başqa bir qatil Jack Undervegerə ev sahibliyi edib. Underveger yalnız Los Ancelesin deyil, həm də Avstriya və Çex Respublikasının kabusu olub. Getdiyi hər ölkədə qurbanlarının evlərinə girib və onları zorladıqdan sonra vəhşicəsinə öldürüb. Maraqlıdır ki, Underveger qurbanlarının alt paltarlarını silah olaraq istifadə edib. Qurbanlarını odlu silahla öldürmək yerinə onların alt paltarları ilə boğub. 1994-cü ildə yaxalanarkən 11 cinayətdə məhkum edilən qatil ömürlük həbs cəzasına məhkum edilib. Los Ancelesdəki cinayətləri törədərkən Cecil oteldə qaldığı bilinən Underveger, Ramirezin bu oteldə qaldığı üçün buranı seçdiyini bildirib.
Cecil oteldəki ölüm zəncirinin son qurbanı: Elisa Lam necə öldü?
21 yaşlı Elisa Lam ailəsi ilə birlikdə Kanadada yaşayırdı. Ömrünün sonlarında ağır bir depressiya keçirib. Buna görə də tətilə tək gedərək pis günlərini geridə qoymaq istəyib. Valideynləri bu fikrə qarşı çıxsalar da, qızlarının xoşbəxt olacağını düşünərək Amerikaya getməsinə icazə veriblər. Elisa Los Ancelesdəki tətilinin hər anında sevdiklərini axtarırdı və fotolarını sosial mediaya yükləyirdi. 31 yanvar 2013-cü ildə ailəsi ilə son bir telefon əlaqəsi qurub. Bu tarixdən sonra onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb. Elisanın müəmmalı şəkildə yoxa çıxmasından təxminən 3 həftə sonra otel qonaqları suyun rəngi və qoxusundan şikayətlənməyə başlayıblar. Otelin xidmət işçisi problemi həll etmək üçün binanın damına çıxanda Elisa Lamın su çəni içərisində çürümüş cəsədini tapıb.
Elisanın son görüntüləri nəzarət kameralarından ortaya çıxdıqdan sonra bütün dünyada gündəm olub.
Videoda Elisa yanındakı kimsə olmasa da, sanki bir nəfərlə danışırmış kimi görünürdü, liftin bir küncünə qısılaraq bütün mərtəbələrin düymələrini mənasızca basıb. Videoda özünü o qədər qəribə aparıb ki, qısa müddətdə milyonlarla insan Elisaya nə olduğunu düşünməyə başlayıb. Ən geniş yayılmış nəzəriyyəyə görə Elisa onu izləyən birindən qaçıb. Beləliklə liftin küncündə gizlənib və tələsik bütün mərtəbələrin düymələrini basıb. Qatili qorumaq istəyən otel işçiləri videonu kəsib görüntüləri çox sürətli şəkildə yoxa çıxarıblar.
İstintaq zamanı Elisanın qanında spirt və ya narkotik tapılmayıb. Bədənində fiziki zorakılıq əlamətləri də olmayıb. Polis Elisanın ölümünü qızın depressiyasına əsaslanaraq, intihar hadisəsi kimi elan edib və dosyeni bağlayıb. Ancaq ailəsi, dostları və sosial media istifadəçiləri Elisanın qətlin qurbanı olduğunu düşünürdülər. Bəziləri üçün bu ölümün fövqəltəbii izahları var idi. Elisa Lamın ölümünün fövqəltəbii hadisələrlə əlaqələndirilməsinin səbəbi 2005-ci ildə ekranlara çıxan "Qaranlıq Su" filmi idi. Bu filmdə su anbarının içərisində kiçik bir qızın cəsədi tapılır. Liftdəki hadisələr, filmdəki geyimlər, bütün baş verənlər "Elisa hadisəsi"nə bənzəyirdi. Elisanın ölümü ilə bağlı bir çox fərziyyə var idi. Ancaq həqiqətən niyə öldüyünə dair bir fikir birliyi olmadı.
Otel rəhbərləri Cecilin dəhşətli keçmişini unutdurmaq üçün adını dəyişdirməyə qərar verib. Otel 2013-cü ildə "Main on Stay" adı altında yenidən xidmətə başlayıb.
2017-ci ildə otel tamamilə təmir edilib. Oteldəki bütün əşyalar dəyişdirilib. Ancaq heç bir dəyişiklik Cecilin qanlı keçmişini unutdurmur.