Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 13:54
Bakı. Ceyhun Ələkbərov - Trend:
Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Səbail rayonunda ağacəkmə aksiyası keçirilib.
Trend-in məlumatına görə, tədbir Azərbaycan Gənclər İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Davam" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Səbail rayon icra başçısı Vuqar Zeynalov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Baş İdarənin rəisi Raqif Abbasov, "Davam" Gənclər İctimai Birliyinin sədri Nihad Allahyarlı, şəhidlərin valideynləri, doğmaları, müharibə iştirakçıları, qazilər, olimpiya və dünya çempionları, gənc fəallar iştirak ediblər.
Tədbir əraziyə böyük Dövlət Bayrağının gətirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib və iştirakçılar Dövlət himnini canlı ifa ediblər.
Ardından ağacəkmə prosesinə start verilib. 200 ağac tingi şəhid ailələri, icra başçısı və digər qonaqların iştirakı ilə torpağa basdırılıb. Tədbirin davamı olaraq, yaxın günlərdə daha 650 ağacın əkiləcəyi bildirilib.
Şəhid anaları qəhrəman övladlarına verilən dəyərə görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, rayon rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib, onların unudulmayacaqlarına inandıqlarını vurğulayıb.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov öz növbəsində bildirib ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır".