Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 14:03
Bakı. Trend:
Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Rusiya Prezidenti Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.
Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun.
Prezident Vladimir Putin: Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.
Prezident İlham Əliyev: Sağ olun.
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olundu. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Prezident Vladimir Putin bəyan etdi ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirdi. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin