Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 10:00
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyədə səfərdə olub.
Səfər çərçivəsində Rəşad Nəbiyev Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşüb. Görüş zamanı nəqliyyat, kibertəhlükəsizlik və rabitə sahələrində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Müvafiq sahələr üzrə əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik bildirilib.
Həmçinin Rəşad Nəbiyevlə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank arasında görüş keçirilib. Görüşdə İKT, innovasiyalar üzrə əməkdaşlıq məsələləri və qardaş ölkənin uğurlu təcrübəsinin Azərbaycanda tətbiqi müzakirə predmeti olub.
Bundan əlavə, Türkiyənin rəqəmli transformasiya ofisinin rəhbəri Ali Taha Koçla görüş baş tutub. Görüş zamanı süni intellekt, böyük həcmli məlumatlar və "Hökumət buludu" mövzusunda gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəlinib.
Eyni zamanda, Rəşad Nəbiyev Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunu ziyarət edib. Nazir Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanış olub.
Səfər çərçivəsində Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında nəqliyyat və rabitə sahəsində Tədqiqat və İnkişaf üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.