Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hulusi Akara verdiyi sözü tutan qəhrəman tankçı - VİDEO - FOTO

Hulusi Akara verdiyi sözü tutan qəhrəman tankçı - VİDEO - FOTO

Tarix: 22 Fevral 2021 23:22

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubu Valeh Məmiyevin doğulub boya-başa çatdığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailəsinə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çatdırıb.

Xatırladaq ki, ötən il dekabrın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akara baş leytenant Valeh Məmiyevə qiymətli hədiyyə təqdim etdiyi və tankçı zabitə xeyir-dua verdiyi anların təsvir olunduğu foto göstərilmişdir. Valeh Məmiyevin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə "Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!" deyərək gözlərini yumması və həkimlərin səylərinə baxmayaraq, üç gün sonra şəhid olması xəbəri Türkiyənin milli müdafiə nazirini son dərəcə kədərləndirmişdi.

Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb. Hulusi Akar məktubunda yazıb: "Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib.

Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq".

Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən Hulusi Akar Valeh Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Hulusi Akara təşəkkürünü bildirən şəhidin qardaşı Vüsal, son damla qanınadək döyüşərək sözünü tutan qardaşı ilə qürur duyduğunu vurğulayıb: "Hulusi Akarın ailəmizə zəng edib danışması, təşəkkürünü ifadə etməsi şəhid ailəsinə göstərilən böyük dəyərdir. Bunun üçün ona ailəmiz adından təşəkkürümüzü bildiririk. Valeh artıq Azərbaycanın deyil, bütün Türk dünyasının qəhrəmanı kimi tanınır".

Zabitlik peşəsinə yiyələnmək Valehin uşaqlıq arzusu olub. Valideynləri də onun bu seçimi ilə razılaşıblar. O, 13-14 yaşlarından Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük orduya gedən yollarda ilk addımlarını atıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nda peşəkarlığını daha da artırıb. Əfsanəvi sərkərdə, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə yüksəlib.

Şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü ötən il oktyabrın 19-da Qubadlı-Laçın istiqamətində olub.

Valideynləri vətənpərvər, qəhrəman övlad böyütdükləri üçün qürur hissi keçirdiklərini söyləyirlər.

Şəhidin atası İsbat Məmiyev deyib: "Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. Çünki oğlum Vətənini sevən, torpağını sevən bir qəhrəman idi. Vətənini sevdiyi üçün bütün döyüşlərdə qəhrəmanlıq göstərdi. Deyirdi ki, birinci Vətən, sonra ata, ana. Oğlum ölməyib. Qəlblərdə həmişə yaşayacaq".

Şəhidin anası İlhamə Məmiyeva da Valehin qəhrəmanlığından danışaraq, oğlu ilə qürur duyduğunu söyləyib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Valeh Məmiyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.


Etiketlər:  Hulusi Akara verdiyi sözü tutan qəhrəman tankçı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ