Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman - FOTO

Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman - FOTO

Tarix: 1 Mart 2021 23:56

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vüsal Mahmudov 2002-ci ildə Şabranın Ağalıq kəndində anadan olub. Vüsal 44 günlük müharibədə Murov dağı silsiləsində gedən şiddətli döyüşlərdə iştirak edib. 18 yaşlı qəhrəman əsgər oktyabrın 3-də yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Milli.Az xəbər verir ki, Şəhidin nənəsi Nəcimə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Vüsal hələ uşaqlıqdan, məktəb illərindən Vətənə, bayrağa bağlı olub.

"Anası uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkdiyindən Vüsalı mən böyütmüşəm. Hərbi xidmətə də özüm yola salmışam. Əsgərliyə getdikdən sonra müharibə başladı. Mənim balam torpaq, bayraq uğrunda şəhid olub. Zəng edəndə dedi ki, nənə irəliləyirik, torpaqlarımızı azad edirik. Dekabrın 31-i görüşünüzə gələcəyəm. Məndən nigaran olmayın, anamdan, özündən muğayat ol. Oktyabrın 2-də şəhid olması xəbərini eşitdik. Mən Vüsalla fəxr edirəm", - deyə Nəcimə Əliyeva söyləyib.

Vüsal Mahmudov ailənin tək oğul övladı idi. İşgüzarlığı ilə seçilən gənc kəndin sevimlisinə çevrilmişdi.

"İyulun 23-də hərbi xidmətə yola saldıq. Taksi çağırmışdım. Maşına oturduqdan sonra birdən düşdü, həyətə qayıdıb nənəsi ilə qısa danışdı. Onu yola salıb gələndən sonra nənəsindən soruşdum ki, Vüsal niyə qayıtmışdı? Vüsal nənəsinə deyib ki, torpaqlarımız uğrunda şəhid olacağam. Halbuki, o zaman heç müharibə barədə səs-soraq yox idi. Müharibə başlayan ilk gündən döyüşlərə qatılıb. Murov dağı silsiləsində vuruşub. Zəhmətkeş uşaq idi. Mənim kimi, dayısı kimi traktor sürürdü. Vüsal oktyabrın 2-də şəhid olub. Dəfnində böyük izdiham yaşandı. Fəxr edirəm ki, nəvəm torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıb. Təki Vətən sağ olsun!", - deyə şəhidin babası Ziyarəddin Əliyev bildirib.

Şəhidin dayısı Təbriz Əliyev Vüsalın Murov dağı kimi çətin mövqedə qəhrəmanlıqla döyüşdüyünü söyləyib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı döyüşçülərimizə cansağlığı arzulayıram. Şəhid analarına isə səbir diləyirəm. Bütün şəhidlərimizlə fəxr edirəm, o cümlədən Vüsalla. Bizim gənclər vətənpərvər ruhda böyüyüb. Biz də torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşməyə həmişə hazır olmuşuq".

Şəhid Vüsal Mahmudov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman FOTO


RƏYLƏR