Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-oftalmoloq: Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdir

Həkim-oftalmoloq: Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdir

Tarix: 8 Mart 2021 22:18

Hazırda dünyada qlaukoma ilə üzləşən 107 milyondan artıq xəstədən təxminən 10 faizi görmə qabiliyyətini itirib. Xəstəliyin geniş yayılması, ağır kliniki gedişatı, davametmə müddəti, müalicəyə sərf olunan xərclər qlaukomayla mübarizənin sosial vacibliyini müəyyən edir.

Sonxeber.net bildirir ki, həkim-oftalmoloq Aynurə Əliyeva AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verərək deyib: "Qlaukoma korluğun başlıca səbəblərindən biridir, ona istənilən yaşda rast gəlinir, lakin yaş artdıqca rastgəlmə tezliyi də artır. Yaşlılarda və qocalarda daha çox aşkarlanır. El arasında "qara su" kimi tanınan qlaukoma xəstəliyi daimi və ya periodik olaraq gözdaxili təzyiqin yüksəlməsi ilə, görmə sinirinin müxtəlif dərəcədə zədələnməsilə, görmədə xarakterik dəyişikliklərlə müşahidə olunur. Xəstəliyin mərhələsindən asılı olaraq görmənin zəifləməsi, görmə sahəsində çatışmazlıqlar xəstələri oftalmoloqa müraciət etməyə vadar edir, təəssüf ki, çox vaxt həmin geridönməz dəyişikliklər artıq xəstəliyin inkişaf etmiş mərhələsində aşkarlanır. Xroniki davam edən qlaukoma görmədəki dəyişiklikləri hiss olunmadan və ləng proqressivləşmə ilə keçdiyinə görə bəzən təsadüfi müayinə zamanı üzə çıxır".

Həkim-oftalmoloqun dediyinə görə, gözdaxili maye istehsalı və göz daxili mayenin dövranının pozulması nəticəsində yüksələn gözdaxili təzyiq görmə siniri hüceyrələrində geridönməz dəyişikliklər nəticəsində görmə zəifliyi və korluğa aparıb çıxarır: "Bütün bunları nəzərə alaraq 40 yaşından yuxarı hər kəs, xüsusilə irsi risk qrupunda olanlar, ailə üzvlərində qlaukoma diaqnozu qoyulanlar, bəzi göz və ümumi yanaşı xəstəlikləri, o cümlədən yüksək dərəcəli hipermetropiya, miopiya, şəkərli diabet xəstəliyi, steroid preparatlar istifadə edənlər, bir çox sindromları olanlar mütəmadi müayinədən keçməlidirlər".

"Anadangəlmə, birincili, ikincili, açıq bucaqlı, qapalı bucaqlı, normatenziv qlaukoma növlərindən istəniləni hər iki cinsdə rast gəlinməsi mümkündür, əvvəl bir gözdə daha sonra digərində, yaxud hər iki gözdə eyni vaxtda müşahidə edilə bilər. Gözdaxili təzyiqin şərti 21 mm civə sütunundan yüksək olması (tətbiq olunan tonometriya növündən, gözün anatomik quruluşundan asılı olaraq), görmə sinirində OCT (optik konqerent tomoqrafiya) müayinəsində izlənən dəyişikliklər və görmə sahəsindəki spesifik çatışmazlıqlar qlaukoma diaqnozunu təsdiqləyir. Qlaukomanın müalicəsi medikamentoz, lazer müdaxiləsi və cərrahi yolla aparılır.

Başlanğıc mərhələdə və vaxtında aşkarlanıb düzgün müalicəsi aparılan qlaukoma qorxulu deyil. Üç aydan bir müayinə olunmaqla və təyin olunmuş göz damlalarını düzgün, səbirlə hər gün vaxtında istifadə etməklə qlaukomalı xəstələr görmə qabiliyyətlərini qoruya bilərlər", - deyə həkim-oftalmoloq bildirib.


Etiketlər:  Həkim oftalmoloq Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdir


RƏYLƏR