Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 14:06
Son günlər sosial şəbəkələrin erməni seqmentində yayılan videolar 4 ay əvvəl başa çatan 44 günlük müharibənin erməni yalanlarını hələ də ifşa edir. Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyat hücumu nəticəsində azad edilsə də bundan sonra sosial şəbəkələrin erməni seqmentində müxtəlif videolar yayılaraq şəhərin düşmənin əlində olduğu iddia olunurdu. Lakin özünü Hadrutun "mer"i kimi təqdim edən, qondarma rejim qalıqlarının nümayəndəsi Vaqan Savadyanın şəhərin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsinə dair bir sıra fikirləri növbəti erməni yalanının ifşası kimi diqqət çəkdi. Belə ki, o açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun Hadrut əməliyyatını başlatmasından bir neçə gün sonra şəhərdə olan bütün imkanlı şəxslər və Arayik Arutyunyanın bütün dostları şəhərdən qaçıblar. Qondarma "mer" qeyd edib ki, Hadrut əməliyyatı davam edərkən isə Araikin mətbuat katibi Vağram Poqosyan zəng edərək ondan guya şəhərin ermənilərin əlində olduğu barədə saxta videoreportaj çəkməsini istəyib. Göründüyü kimi, döyüşlər dövründə populizm və teatr şoularından başqa heç nə ilə yadda qalmayan Arayik və onu idarə edənlər, hələ müharibə dövründə erməni xalqına yalanlar uydurmaq üçün hər cür rola giriblər. II Qarabağ müharibəsindəki uğursuzluqlarını pərdələmək məqsədilə informasiya savaşında əcnəbi jurnalistlər vasitəsilə saxta məlumatları tirajlamaqda çox mahir olduqlarını göstərən düşmənin yalanı 40 gündən də tez çəkdi.
Martın 15-də Füzuli və Xocavəndə səfəri zamanı təxminən 30 ilə yaxın müddətdə işğalda saxladığı ərazilərdə erməni vəhşiliyinin hansı fəlakətlər törətdiyinin bir daha şahidi olduğunu bildirən Prezident, bu gün onları müdafiə edən, ermənilərin arxasında dayanan bəzi xarici dairələri gözlərini açıb erməni vandalizmini yaxşı-yaxşı görməyə çağırıb.
Daha sonra Hadrut qəsəbəsinin azad edilməsinin digər ərazilərin işğalına son qoymaq, düşmənin müdafiə istehkamlarını yarmaq baxımından nə qədər strateji əhəmiyyətə malik olduğuna diqqət çəkən Ali Baş Komandan, bunun çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olduğunu qeyd edib. Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi baxımından bizim üçün xüsusi əhəmiyyətə malik olan bir hadisə idi. Strateji planlaşdırmanı düzgün icra edən Azərbaycan Ordusu bunun nəticəsi idi ki, Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdi. Ən əsası isə Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin nə qədər önəmli olduğu indi daha yaxşı anlaşılır.
Müharibənin gedişində azyaşlıları, terrorçuları, qadınları, mülki əhalini nahaq savaşlarına qoşmaqdan çəkinməyən Ermənistanın əsl siması istər 44 günlük müharibənin gedişində, istərsə də postmüharibə dövründə daha aydın şəkildə üzə çıxmaqda davam edir. Məlum oldu ki, düşmənin əlinə silah verib Azərbaycan əsgərinə atəş açdırdığı mülki geyimdə olan şəxsləri əslində bilərək qırğına verirdi. Səbəb kimi isə güya dünyaya göstərsinlər ki, Azərbaycan Ordusu onların mülki vətəndaşlarını hədəf alır, Azərbaycan onlara qarşı soyqırım törədir. Amma bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadı. Elə bu barədə Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı deyib: "Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi".
Azərbaycan əsgərinin mülki erməni əhalisinə atəş açmasının mümkünsüz, bunun azərbaycanlıların mənəvi kodeksinə zidd bir hal olduğunu yaxşı bilən düşmən çarəsiz şəkildə boğulan saman çöpündən yapışan kimi bütün vasitələrə əl atdı və indi də bu cür cəhdləri müşahidə edirik. Lakin gerçək gerçək olaraq qalır - Azərbaycan Ordusu yeni şanlı qəhrəmanlıq tarixini yazdı. Bu gün böyük quruculuq işləri aparılan, böyük infrastruktur layihələri icra edilən bu torpaqların əsl sahiblərinə qayıtdığını artıq bütün dünya qəbul edir.
Təhməz Əsədov