Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 12:32
"Azərbaycanın Rusiya qazının Ermənistana tranzitinə razılıq verməsi vacib siyasi addımdır".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Ermənistan Azərbaycan ərazisi vasitəsilə Rusiya qazını almağa məcburdur:
"Yeri gəlmişkən demək lazımdır ki, vaxtilə Azərbaycan təklif edirdi ki, münaqişənin çözülməsi şərtilə Azərbaycan Ermənistana qaz ixrac edə bilər və nəinki qaz ixrac edə bilər, hətta Ermənistanın ərazisindən digər ölkələrə də qaz çatdırıla bilər. Təbii ki, o vaxt Ermənistan bu təklifdən imtina edib. İndi məcbur olurlar yenə də Azərbaycan ərazisi vasitəsilə Rusiya qazını alsınlar. Heç kimə sirr deyil ki, Ermənistan bu illər ərzində ümumiyyətlə aciz vəziyyətdə qalmışdı. Onların çıxış yolları yox idi.
Yol nəqliyyat nöqteyi nəzərdən və yaxud infrastruktur layihələr baxımından onların elə də böyük manevr imkanları yox idi. Hazırkı vəziyyət onu göstərir ki, bu planlı şəkildə həyata keçirilən Rusiya, Gürcüstan, Ermənistan qaz kəmərini rekanstruksiyası ilə əlaqədar fasiləsiz qaz təminatını təmin etmək üçün yalnız Azərbaycan vasitəsilə Ermənistana qaz gedə bilər".
İ.Vəlizadə deyib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı reallaşan işlərə və reallığın tələb etdiyi digər işlərə mane olmasa nəqliyyat infrastrukturalarından yararlana bilər:
"İrandan da Ermənistana qaz kəməri daxil olur. Amma onun ümumi həcmi çox da böyük deyil. İrandan çəkilən qaz kəməri əsasən ona görə istifadə olunur ki, İrandan gələn qaz Ermənistanın istilik elektrostansiyalarında emal olunur və enerji qismində İrana qaytarılır. Nə iqtisadiyyatı üçün, nə Ermənistanın əhalisi üçün İrandan daxil olan qazın əhəmiyyəti yoxdur.
Əgər Ermənistan konstruktiv mövqedə dayansa, digər imkanlardan, yəni Azərbaycan vasitəsilə keçən digər nəqliyyat infrastrukturalarından da yararlana bilər. Amma bu şərtlə ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı reallaşan işlərə və reallığın tələb etdiyi digər işlərə mane olmasın.
Başqa bir yol dəhlizi var, Naxçıvandan Laçına gedən avtomobil yol xəttidir. Sonra Laçından Xankəndindən keçməklə Ağdama uzanan və Ağdamdan Bərdəyə, oradan da Yevlaxa qədər uzanan yoldur. Bax, onun bərpası ilə də bağlı işlər getməlidir. Yəni bütün kompleks işlər təmin olunmalıdır. Belə halda Ermənistan vəziyyətdən yararlana bilər. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Başqa çıxış yolu yenə də blokadada qalmaq və tənəzzül içində yaşamaqdır".
Təhməz Əsədov