Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marafonçudan şəhidlərin xatirəsinə həsr olunmuş qaçış - 44 gün - 2881 km məsafə - VİDEO - FOTO

Marafonçudan şəhidlərin xatirəsinə həsr olunmuş qaçış - 44 gün - 2881 km məsafə - VİDEO - FOTO

Tarix: 24 Mart 2021 13:40

Qaçış idman növü ilə məşğul olanlar Elmir Əsgərov ad-soyadını yaxşı tanıyır. 41 yaşlı atlet 3 ildir ki, Ultra Marafon qaçışı ilə məşğuldur. Əsas qaçdığı məsafələr 100 km-dən çox olan, 12 və 24 saatlıq qaçış yarışlarıdır.

Qeyri-rəsmi olaraq Azərbaycanın 100 km (10 saat 21 dəq.), 111.5 km (12 saat), 172 km (24 saat) qaçış rekordlarının sahibidir. 2019-cu il Rusiyanın Smolensk şəhərində keçirilən 24 saat qaçış yarışının 2-cisi, 24 saatlıq qaçış üzrə Moskva kubokunun 5-cisidir.

Hal-hazırda Vətən Qəhrəmanları Şərəfinə planlaşdırdığı 3001 kilometrlik məsafəni reallaşdırmaq üçün hazırlaşır. Layihə çərçivəsində 13-14 mart tarixlərində Efes Ultra 2021 marafonunda 120 km-lik məsafəni artıq qət edib. Geriyə 2881 km məsafə qalıb ki, bu məsafəni də 44 gün ərzində 2-ci Qarabağ müharibəsində həyatını itirmiş şəhidlərin şərəfinə qaçacaq.

- Bu layihəyə necə qərar verdiniz?

- Vətən müharibəsi dövründə hər birimizin qəlbi cəbhə ilə döyünürdü. Əfsuslar olsun ki, bir çox Azərbaycan övladı kimi mənə də qanım və canımla bu şərəfli vəzifəni yerinə yetirmək qismət olmadı. Artıq Şuşa alınan gün idman ayaqqabılarımı geyinib bayrağımı çiynimə alıb, yola çıxmaq istəyirdim. Amma o dövrdə həmin bölgəyə getmək, ümumiyyətlə, hamı üçün qadağan idi. Düşündüm ki, Bakı-Şuşa Ultra marafonu təşkil edim. Çünki o vaxt əlimdən gələn yalnız bu idi.  Lakin sonra anladım ki, elə bir layihə etməliyəm ki, yerinə yetirilməsi çox çətin olsun və bu layihəyə daha çox insan cəlb edim ki, onlar da qaçsın. Bunu isə daha uzun və davamlı bir layihə ilə reallaşdırmaq mümkün olardı. Və qərara gəldim ki, 120 km anons qaçışı və 44 günə 2881 km (bu günə olan rəsmi şəhid sayımız qədər) məsafəni qət edim. Layihənin son günü cari şəhid sayına uyğun düzəliş qaçışı olacaq. Yəni hər şəhidimiz üçün 1 km qaçmağı planlaşdırmışıq.

- 44 gün ardıcıl qaçacacaqsınız?

- Zatən ilkin ideya bu idi. Amma keçmiş məşqçim və təcrübəli ultraçılarla məsləhətləşdikdən sonra bunu 44 qaçış günü kimi planladım. Lakin bununla belə 2 gün ardıcıl olaraq 60 km üstü qaçmaq və bir gün bərpa olunmaq çox ağır bir yükdür.

- Anons qaçışı necə oldu və harada qaçıldı?

- Martın 13-də İzmirin Efes şəhərində beynəlxalq Ultra Treil start götürdü və mən bu yarışda 120 km qaçaraq Azərbaycanı təmsil etdim. Daha öncədən də qeyd etdiyim kimi, bu məsafəni müharibəni qazanmağımızda müstəsna xidmətləri olmuş Ali Baş Komandana həsr etdim. Belə deyim qələbəmizin səbəbkarlarının birinci üçün və qalabamiz şərəfinə qaçdım.

- Yarış necə keçdi? Özünüzü necə hiss edirsiniz?

- Belə deyək, ağır travma almaq baxımından təhlükəli sayılan bu yarışdan heç bir sümüyümü sındırmadan, 120 km məsafəni tamamlayaraq çıxdığıma görə çox xoşbəxtəm. Qeyd edim ki, trasın çətinliyi 6 bal üzərindən 5 bal ilə qiymətləndirilirdi. Bütün çətinlikləri nəzərə alsaq, nəticə əladır. Ən əsası isə yeni bir müvəffəqiyyətim var, ilk skyrunnig-imə imza atdım - 5000 metr yüksəkliyə qalxaraq 120 km məsafəni 18 saat 48 dəqiqəyə qət etdim. 

- Yarışın ağırlığı, çətinliklər deyərkən nəyi nəzərdə tutursunuz?

- İlk öncə ondan başlayım ki, yarış çox mənzərəli Efes dağlarında keçirilirdi. Ecazkar təbiət, zəngin meşələr, sehrli qürub, maraqlı tarixi abidələr - bir sözlə hər şey göz oxşayırdı. Lakin bu gözəlliyin atletlər üçün yaratdığı çətinliklər də az deyildi:

1. Dik enişdən üçlü salto ilə 1 dəfə düşüş.

2. İtlərin çoxsaylı hücumları (Buna terror deyə bilərik)

3. Yoxuşun bucağı bəzən 70 dərəcəyə çatırdı.

4. Sürüşkən daşların səthi ilə çox təhlükəli enişlər.

5. Güzərgahın çox pis işarələnməsi (bu səbəbdən 2 dəfə azdım və təxminən 1 saata yaxın vaxtımı itirdim)

6. Yer səthinin müxtəlifliyi. Bəzi yerlərdə asfalt, ot, sürüşkən çınqıl, meşə torpağının olması idman ayaqqabı seçimini də çətinləşdirirdi.

7. Dağ cığırlarında idman ayaqqabılarına hər 10-15 dəqiqədən bir dəyən daşlar və nəticədə dırnaqların tökülməsi.

8. Bir çox aşınmalar və qabarlar. Ancaq bunlar ultra marafon üçün normal sayılır.

- 2881 kilometri qrup halında qaçacaqsınız, ya necə?

- Burada vəziyyət nisbətən fərqlidir. 2881, üstəgəl, 120 km-i mən tək qaçacağam. Lakin qaçışla məşğul olan digər yoldaşlar da gücü çatdıqları qədər şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq qaçacaqlar. Azərbaycanda, digər ölkələrdə, hətta ABŞ-da 50-60 nəfər maksimum məsafəni qət edəcək. İnsanları məcbur edə bilmərik. Burda söhbət vaxtdan və istəkdən gedir. Üstəlik, pandemiya şərtlərini də unutmayaq.

- Qaçışlara nəzarət mexanizmi necə olacaq? Kimin nə qədər qaçması ilə bağlı.

- Artıq sinə nömrələri çap olunub. Nömrələr 2882-dən başlayacaq. Müxtəlif proqramlar var ki, həmin proqram vasitəsilə kimin harda və nə qədər qaçdığını bilmək olur. Bir də ki, burda sübut, yaxud yalan axtarmrıq. Layihədə iştirak edəcək insanlar da məsələnin mahiyyətindən xəbərdardır. Kiminsə 100-200 kilometr qaçması şərt deyil. Maykasını geyinib, qaçmağa başlaması və yekunda 5-10 kilometr qaçmasının özü də şəhid qardaşlarımıza hörmət əlamətidir. Məqsədimiz bu layihədə ümumilikdə minimum 30 min km qaçmaqdır. Onun 3001 km-ni mən öz üzərimə götürmüşəm.

- 120 km-ni anladım. Bəs 2881?

- Həmin 2881 km məsafəni Azərbaycan ərazisində qət edəcəyik. Şənbə və bazar günləri bölgələrdə qaçacağıq. Hətta bölgələrdə yaşayan qaçış həvəskarları belə bizə qoşula biləcək.

- Marafona nə vaxt start veriləcək?

- Allahın izni ilə yaxın 1-2 gün ərzində qaçışa başlamaq fikrindəyik. Amma biz təşkilatı məsələlərdən asılıyıq. Anons edəcəyik, görüş nöqtələrini göstərəcəyik və imkanı olanlar Bakıda bizə qoşulacaq. Bölgələrdə isə bir həftə öncədən xəbərdar edəcəyik.

- Şuşa ultra marafonu nə vaxtdır?

- O qaçış 500 km-likdir. Bakıdan Ağdama, ordan Şuşaya qaçacağam. Düzdür, səfərdə məni müşayiət edənlər olacaq. Lakin onlar tez-tez yerdəyişmə edəcəklər. Və bir Türk Atleti dəvət etmişik. Düzdür, hələ təsdiqimiz yoxdur. Lakin təsdiq gəlsə, simvolik olaraq son 500 km məsafəni iki qardaş ölkə nümayəndələri birlikdə qaçacaq və Şuşaya iki dövlət bayrağı ilə finiş edəcəyik. 

- Niyə Baki-Şuşa yox, Bakı-Ağdam-Şuşa?

- Bakıdan Ağdama qaçıb Allahverdi Bağırovun qəbrini ziyarət edəcəyik, ordan Şuşaya qalxacağıq. Burda əsas hədəflərdən biri, həm də Ağdamın müharibədən sonrakı vəziyyətini dünyaya göstərməkdir.

- Layihə ilə bağlı daha maraqlı nəsə planlayırsınız?

- Gözəl sualdır. Bəli, planlayırıq, amma bu artıq sponsorlardan asılıdır. Planımız budur ki, layihə ərzində ümumi qaçış məsafəsi 300 kilometrdən çox olan həmyerlilərimizə, bu layihə üçün sifariş etmək istədiyimiz xatirə medalları hədiyyə edək. Və bununla da kifayətlənmək istəmirik. Layihə çərçivəsində toplam 150 kilometrdən çox qaçanlar xatirə diplomları ilə mükafatlandırılacaq. Vətən Qəhrəmanlarımız üçün ən çox qaçan 3 şəxsə isə özəl bir xatirə hədiyyələri də etməyi düşünürük. Amma bu artıq dəstək olacaq qurumlardan asılı bir məsələdir. Bu haqda daha geniş məlumat almaq üçün facebook səhifəmizə müraciət edə bilərsiniz:

https://www.facebook.com/Azerbaijan-Ultra-Runners-104385518377789  

Layihənin hashtag-ları: #şəhidinüçünqaç #qəhrəmanlarşərəfinə


Etiketlər:  Marafonçudan şəhidlərin xatirəsinə həsr olunmuş qaçış gün 2881 məsafə VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ