Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 11:34
Ermənistan tərəfi Qarabağda rus icması adından istifadə edərək təxribat xarakterli məlumatlar yayır.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.
O qeyd edib ki, ermənilər guya Qarabağda rus icmasına və etnik rusların yaşadığı ərazilərdə guya rus mirasının dağıdılması ilə bağlı təxribat xarakterli məlumatlar yayaraq insanları aldatmağa çalışırlar:
"Mən Xankəndi şəhərindən olan millət vəkili kimi bununla bağlı fikrimi bildirərək demək istəyirəm ki, erməni tərəfinin yaydığı bu məlumat tamamilə qəbuledilməzdir və bütün doğru məlumatlara əks olaraq dünya ictimaiyyətini aldatmağa yönəlib. Çünki biz Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində şahidi olmuşuq ki, nəinki Azərbaycan xalqına məxsus tarixi abidələr məhv edilib, eyni zamanda Qarabağda yaşamış etnik qruplara, xüsusilə də rus icmasına məxsus abidələr də dağıdılıb".Gəncəliyevin sözlərinə görə, xüsusilə Şuşa şəhərində olan rus kilsəsi və digər ərazilərdə olmuş rus icmasına məxsus bəzi abidələr son 30 ildə məhv edilərək dəyişdirilib. Şuşa şəhərində məşhur rus kilsəsi ermənilər tərəfindən tamamilə dəyişdirilib və erməni kilsəsi kimi təqdim edilib.
"İşğal faktı başa çatdıqdan sonra hamı gördü ki, ermənilər Azərbaycana qarşı, irsimizə, mirasımıza, multikultural dəyərlərimizə qarşı hansı vəhşilikləri edib. Bundan təşvişə düşən ermənilər özlərinin törətmiş olduğu beynəlxalq və mədəni cinayətləri ört-basdır etmək üçün belə təxribat xarakterli məlumatlar yayırlar. Guya rus icmasının Qarabağda hansısa təsirə məruz qaldığını, ruslara məxsus hansısa abidələrin dağıdılmasını qabardırlar. Halbuki, vaxtilə rus icmasına, rus irsinə məxsus tarixi abidələri, kilsələri dağıdanlar elə ermənilərin özləri və onların havadarları olub", - Gəncəliyev deyib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri beynəlxalq təşkilatlara müraciət edərək bu məsələlərdə onları aktiv olmağa çağırıb:
"Mən bir daha Xankəndi deputatı olaraq beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara, xüsusilə də bu məsələlərdə ixtisaslaşmış UNESCO kimi təşkilata müraciət edərək bildirmək istəyirəm ki, onlar bu saxtakarlığa göz yummasınlar. Ermənilərin rus icmasının və etnik rus icmasına məxsus abidələrin öz əllərində təxribat xarakterli məsələlərdə silah kimi istifadə etmələrinə imkan verməsinlər və bunun qarşısını almaq üçün Ermənistan tərəfinə çağırış etsinlər".