Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2021 22:42
Zəngin tarixə və özünəməxsus ənənələrə malik olan Naxçıvan mətbəxi Azərbaycanın milli mətbəx mədəniyyətinin mühüm tərkib hissəsidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkəmizin bütün bölgələri kimi, Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Arxeoloji qazıntılar zamanı Naxçıvanda aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntıları, dulusçuluq nümunələri və bu gün mətbəximizdə istifadə olunan avadanlıqlar bu diyarın mətbəx mədəniyyətinin nə qədər qədim olduğunu sübut edir. Qədim diyarımızın mətbəx mədəniyyətinin rəngarəngliyi, hər zövqə uyğun, dadlı-tamlı yeməklərlə zəngin olması, mətbəximizdə çoxçeşidli əşya və ləvazimatlardan istifadə olunması min illər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyini, qorunaraq bu günə gəlib çatdığını göstərir.
Dünyadakı 11 iqlim qurşağından 9-nun Naxçıvanda olması, ərazinin coğrafi mövqeyi, zəngin fauna və florası mətbəximizin zənginliyini şərtləndirən əsas amillərdir. Qədim köklərə malik olan bu mətbəxdə un, tərəvəz, ət və süd məhsullarından istifadə edilməklə müxtəlif yeməklər hazırlanır. Şah plov, piti, daş küftəsi, qurut aşı, əriştə aşı və sair Naxçıvan mətbəxinin ən qədim nümunələridir. Bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularının da əlavə olunması, eyni zamanda, insanlarımızın mənəvi zənginliyinin göstəricisidir.
Milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işi bu gün muxtar respublikada uğurla aparılır. Naxçıvan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas tərkib hissələrindən biridir. Naxçıvan mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, gigiyenanı və mətbəxin digər aspektlərini, eləcə də əhalinin tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.