Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın təklifi qəbul edildi - Almaniya nədən narahatdır?

Azərbaycanın təklifi qəbul edildi - Almaniya nədən narahatdır?

Tarix: 29 Mart 2021 11:54

Ermənistanın siyasi alətə çevrilməsi adiləşir. Azərbaycan dünyada ikili standartların mövcud olduğu, bəzi münaqişələrin məhz bu ikili standartların girovuna çevrilərək həll edilməyərək qaldığı bir vaxtda öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyünü təmin etdi və buna alternativ yoxdur. 

Əngəllər var...

Bu əngəlləri törədənlərə qarşı Avropa institutları öz səslərini ucaltmaq əvəzinə seyirci mövqeyini seçiblər, necə ki, 44 günlük müharibəyə kimi bunu edirdilər. Onlar hazırda separatçı rejimin özünümüdafiə qüvvələrinin yaradılmasında maraqlı göründükləri halda nədənsə 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalda qalmış ərazilərinin minalanmasına və Ermənistanın hələ də xəritələrin rəsmi Bakıya verməkdən boyun qaçırmasına göz yumur. Bu baxımdan bəzi qurumların və dövlətlərin lobbi təsirindən qurtularaq hadisələrə obyektib baxa bilməsi Cənubi Qafqazda Azərbaycanın gücü sayəsində formalaşan münasibətlərin sabitləşməsində açar rolunu oynaya bilər.

Sülh Qərbə lazımdır?

Sual ətrafında fikirlərimi bölüşməmişdən öncə deyim ki, insan hüquqları, azadlıqları, milli mənəvi amillər, humanizm, tolerantlıq, bunlar boş-boş sözlər, fikirlər və gərəkli olduğu anda yalnız kağız üzərində qalan mənasız şüarlardır. Belə düşünməyimə səbəb Almaniyanın ən nüfuzlu telekanallarından olan ZDF-in (Zweites Deutsches Fernsehen) populyar proqramı "Markus Lanz"da Azərbaycan barədə absurd fikirlərin səslənməsidir. Görünən isə odur ki, islamofobiya meyillərinin durmadan artdığı Almaniyanın telekanalının Azərbaycana qarşı qərəzli mövqeyi nə ilkdir, nə də son olacaq. 

Hələ 44 günlük müharibənin aktiv dövründə Azərbaycan Ordusunun zəfər yürüşünü həzm edə bilməyəm Almaniya mediası arqumentsiz və məntiqsiz materiallar yaymaqla, bu ölkənin rəsmiləri əsassız bəyanatlar verməklə diqqət çəkirdi. Təsadüfi deyil ki, Almaniyanın ölkəmizdəki səfiri bir dəfə də olsun diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərinə qoşulmayıb. O, nümayişkəranə şəkildə, xüsusi təlimat əsasında belə səfərlərdən imtina edir.

Digər yandan Gürcüstanda fəaliyyət göstərən Almaniya institutları Azərbaycana qarşı fəal kampaniya aparmaqla diqqəti cəlb edirlər. Görünən odur ki, Almaniya bu gün  Azərbaycanın NATO və Aİ ilə əlaqələrinə problemlər yaratmağa çalışır, ölkəmizin bəzi NATO təlimlərində iştirakına mane olur. Almaniyada irqçilik, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlük, islamofobiya geniş vüsət alıb. Hakimiyyət bu neqativ tendensiyanın qarşısının almaq əvəzinə Azərbaycana qarşı qərəzindən əl çəkməməsi, işğalçı dövlətə göstərdiyi açıq dəstəklə məqsədini və məramını açıq bəyan etmiş olur. 

Vaksin müharibəsi...

Məsələnin məğzində isə məhz BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin qəbul edilməsi dayanır. Təklifini qəbul etdirən Azərbaycanın mövqeyi Almaniya kimi nəhənglərin həzm edəcəyi loxma olmayacağı öncədən bəlli idi. Lakin Azərbaycan Prezidenti bu ədalətsizliyə dur deməyi lider kimi özünə borc bildi və təşəbbüsünü qəbul etdirdi. COVİD-19 əleyhinə peyvəndlərin dünya dövlətləri arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsini durdurmaq üçün qəbul edilən sənəd rəsmi Bakının ardıcıl çağırışlarının nəticəsidir. Bu gün baş verənlər Azərbaydan dövlət başçısının vaksinin ədalətli bölgüsündəki narahatlığının əbəs olmadığını təsdiq edir.

Dünyanı cənginə alan COVİD-19 əleyhinə peyvənd ərsəyə gələr-gəlməz vaksin müharibəsi başladı ki, dərhal varlı ölkələr onu cəngəllik qanunları ilə parçalamağa başladı. Nəticədə kasıb ölkələr bir doza belə peyvənd əldə edə bilməyərək böyük risklə üz-üzə qaldı. COVAX ətrafında baş verənlər deməyə əsas verir ki, Avropa İttifaqı, eləcə də ayrı-ayrı ölkələr bu təşəbbüsü siyasi alətə, təzyiq vasitəsinə çevirdi. Aİ-nin lokomativi olan Almaniya da ədalətsiz tendensiyanı təbii qarşılayır. Əslində bu ölkələrin xarici siyasətində özünü qabarıq göstərən ikili standartlara, müstəmləkəçilik ənənələrinə söykənən davranış tərzinin vaksin bölgüsündə də özünü göstərməsi bəlkə də təəccüblü qarşılanmamalıdır. Bu ölkənin Azərbaycana qarşı diskriminasiya siyasəti 44 günlük Vətən Müharibəsində olduğu kimi, vaksinlə bağlı mövqeyində də özünü aşkar göstərdi. Təəssüflər olsun ki, II Qarabağ Müharibəsi zamanı bir çox xristian ölkələrin tutduğu mövqenin irqçilik və şovinizm siyasəti olduğunu görürük. Bu siyasət Almaniyadan da yan keçmədi.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın təklifi qəbul edildi Almaniya nədən narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ