Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 13:05
"Sponsoru olmayan mənim kimi ifaçıların hazırda sənətdə yenilik etməsi mümkün deyil. Biz toydan qazanmasaq, başqa hardan pul alaq? Yenilik etmək, mahnı yazdırmaq, aranjiman maddiyat tələb edir. Pul da haradan gəlir? Əlbəttə toydan, o da yox. Ya da müğənni konsertdən qazanır. İndi konserti də harada edək? Pandemiya bizim hərtərəfli yolumuzu kəsdi".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi pandemiya ərfəəsində yaşadığı maddi sıxıntıdan danışıb:
"Allah böyükdür, bizi darda qoymadı: kimi evindən nəsə satdı, kimi borc alıb dolandı. Borcum olmadı, amma evimdən əşyalarımı satdım. Şükür, az da olsa, Allah yetirir. Tək kişi yox, çalışan hər kəs üçün işsizlik çətindir. Müğənnilərə deyirlər, yığdığınız sizə bəs etmədi? Nə qədər yığdığını yemək olar? Pulun üstünə gəlməyəndə bitir. Hamı kimi mən də əziyyət çəkdim. Amma boş dayanmaq olmaz, az da olsa yaradıcılıq yenilikləri etməliyik. Bu da ötüb keçər. İfaçılıq gözəl sənətdir, ən lazımlı peşədir. Bu sənəti ucuzlaşdırıb, müğənnilik lazımsız sənətdir deyənlər, peşman olar. Qaranlıq gecənin işıqlı gündüzü olar".
Qafarzadə hazırda Rusiyaya toya gedən həmkarlarından danışıb. O bildirib ki, təklif alsa da, razılaşmayıb:
"Fikirləşdim ki, indi niyə gedim? Orada çoxluqdur, ucuzlaşırsan. Müğənni, ifa çox olanda qiymət aşağı düşür. Vəziyyət düzələndə isə istədiyin qonorarı ala bilməyəcəksən. Deyəcəklər, qiymətin bu idi, indi nə oldu? Hazırda şou-proqramlara gedirəm. Ailə saxlayıram, dolanmalıyam. İndi qınayacaqlar ki, şou-proqrama gedir. Amma nə etməliyəm? Əziyyət çəkirəm, pul qazanıram".