Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzMİU-da “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda konfrans keçirilib - FOTO

AzMİU-da “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda konfrans keçirilib - FOTO

Tarix: 3 Aprel 2021 13:12

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) onlayn formatda "Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri" mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib.

Milli.Az xəbər verir ki, konfransa universitetin Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Əliyeva moderatorluq edib. O, konfransa 15-dən çox təşkilatdan 100-dən çox məqalə qəbul olunduğunu, bu məqalələrin aktual mövzuya həsr edildiyini bildirib.

Konfransın plenar iclasını giriş sözü ilə açan AzMİU-nun rektoru, Əməkdar memar, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor Gülçöhrə Məmmədova işğaldan azad olunmuş Qarabağ regionunun iqtisadi və sosial inkişafı problemləri ilə bağlı belə bir tədbirin keçirilməsinə görə onun təşkilatçılarına təşəkkürünü bildirib.

Rektor çıxışında qeyd edib ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir dövrdə vəhşicəsinə dağıdılmış Qarabağ regionunun bərpasına, onun yenidən qurulmasına ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatları ilə yanaşı, AzMİU-nun alimləri, memarları da yaxından qoşulublar.

Vurğulanıb ki, Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə geniş müzakirə edilib və inkişafın əsas istiqamətləri qeyd olunub. Eyni zamanda, həmin müşavirənin keçirildiyi vaxtdan bu günə qədər xeyli işlər görülüb.

Diqqətə çatdırılıb ki, Qarabağın bərpa edilməsi Azərbaycanda iqtisadi inkişafın sürətini daha da artıracaq. Əlbəttə ki, dəymiş ziyanın qiymətləndirilməsi, işğalın vurduğu zərərin fiksasiyası, ərazilərin minalardan təmizlənəsi, infrastruktur layihələrinin həyata keçirilməsi qarşıda duran mühüm məsələlərdir. Qarabağ regionunun kənd təsərrüfatı, energetika, dağ-mədən, turizm və digər sahələrdə çox böyük potensialı var.

Konfransın plenar iclasında Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqın sədri, akademik Ziyad Səmədzadə "Qarabağ regionunun iqtisadi-təbii resursları və onlardan səmərəli istifadə məsələləri", AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova "İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi davamlı inkişafın əsasıdır", Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "İşğaldan azad edilmiş ərazilərin inkişaf strategiyası" və AMEA-nın müxbir üzvü Akif Musayev "İşğaldan azad edilmiş ərazilərin bərpa mərhələləri və xərclərin optimallaşdırılması məsələləri" mövzusunda çıxış ediblər.

Çıxışlarda konfransın proqramının zənginliyi vurğulanıb. Qeyd olunub ki, qısa zaman kəsiyində bu konfransın proqramının formalaşması və onun işinə çox dəyərli mütəxəssislərin cəlb edilməsi Azərbaycanın elm və təhsil sistemində çox maraqlı hadisədir. Bu konfransın materialları Qarabağ regionun iqtisadi inkişafının əsaslarının elmi bazasının formalaşdırılmasına töhfə ola bilər.

Respublika elmi-praktik konfransı işini "Qarabağ regionunun yaşayış və sosial-mədəni obyektlərin tikintisi və bərpa problemləri" və "Qarabağ regionunun iqtisadiyyatının ekoloji cəhətdən davamlı inkişaf problemləri" bölmələrində davam etdirib. Bölmələrdə 90-a yaxın məruzə dinlənilib.

Konfransda nazirliklərin, respublikamızın bir sıra təşkilatlarının nümayəndələri, ali məktəblərin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak ediblər.

Milli.Az


Etiketlər:  AzMİU da Qarabağ regionunun iqtisadi sosial inkişaf problemləri mövzusunda konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ