Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 00:30
"Azərbaycan Ordusunun gözünü heçnə qorxuda bilməz".
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, Ermənistanda yenidən müharibə etmək üçün o güc yoxdur, orduları da bərbad vəziyyətdədir:
"Azərbaycan Ordusu hələ 30 il Ermənistan silahlı qüvvələrinin müdafiə etdikləri mövqeləri ələ keçirərək işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa edib. Yəni bu artıq, tarixi faktdır.
Hələ "İsgəndər"lərin Ermənistanda mövcudluğu müəyyən şübhələr, suallar altında oldu. Hətta çox vaxt Rusiyanın hərbi ekspertləri tərəfindən Ermənistana yox, məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan ölkələrin planı üzrədir və yaxud Ermənistan onlardan istifadə edə bilməz kimi fikirlər çox eşidirdik. Ermənistan da onunla bağlı təhdidləri çox vaxt Azərbaycanla baş-başa gəlməkdən çəkinmədiyi barədə təəssürat yaratmaq üçün istifadə edirdi.
İndi ANAMA müəyyən dəlillər, sübutlar ortaya çıxarır ki, Şuşaya "İsgəndər M" atılıb və o mərmilər tapılıb. O elə raket kompleksidir ki, onu peykdən də, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri də haradan atıldığı və hara düşdüyünü bilməlidir, görməlidir. Bununla əlaqədar da heç bir məlumat yoxdur, ancaq fakt olaraq raketin qalıqları var. Ona görə də düşünürəm ki, bununla bağlı hələ müəyyən bir istintaqlar, yoxlamalar gedəcək. Çoxları deyirlər ki, məhz o Ermənistan yox, Rusiya məxsus olan raketdir.
Şuşa işğaldan azad ediləndə orada hansısa güclü bir partlayış barədə bizdə heç bir məlumat yox idi. Amma bu qalıqlar və yaxud bu raketə aid olan sübutlar varsa, deməli "İsgəndər M"-lər hansısa formada Şuşaya atılıb. Bu avtomat gülləsi deyil ki, deyəsən hardan çıxdı, hardan gəldi bilmirəm. Amma "İsgəndər"dən haradan atəş açıldığı da hələ məlum deyil. Buna kimi ballistik raketlərin istifadəsi ilə bağlı onların uçuş məsafəsi də, qalıqları da bizə bəllidir. Ancaq "İsgəndər"lə bağlı maraqlı sualar ortaya çıxır. Bu raketlərin minimum atış məsafəsi 50 km, maksimum 500 km-dir. Sərhədi biz nəzərdən götürsək Ermənistanla aramızda 50 km yoxdur. Yox, bunu Ermənistanın daxilində hardansa atıblarsa, istintaqla bağlı sualları orada tapmaq lazımdır. Bu hadisə göstərir ki, Ermənistandan nə desən gözləmək olar.
Ermənistanda artıq döyüş ruhu yoxdur, orduları da bərbad vəziyyətdədir. İndi onların da özlərinə gəlməyi üçün uzun bir müddət lazımdır. Hazırda dünyada gedən proseslər, iqtisadi böhranlar onlara Vətən Müharibəsində yetəri qədər yardım edən hətta onların havadarlarının da imkanlarını xeyli azaldıb. Düşünmürəm ki, diasporaları və Rusiya 44 günlük müharibə müddətində olduğu kimi yenə də Ermənistan silahlı qüvvələrini imkanları ilə canlandırsınlar. Hər halda Azərbaycan öz sözünü deyib. Bu məsələdə üstünlük hər cəhətdən - həm silah, həm ruh, həm dövlətin idarə edilməsi, həm ərazi baxımından və s. Azərbaycan tərəfindədir. Ona görə də Ermənistan hər hansı bir addım atmaq istəsə də düşünürəm ki, bu təxribat olacaq. Ona da Prezident İlham Əliyev, Ali Baş Komandan olaraq cavab verib və deyib ki, əgər bizim torpağımıza bir də gözdikən olsa onların cəzası çox ağır olacaq. Buna da heç bir şübhəm yoxdur. Çünkü bunun üçün bizim gücümüz də yetərlidir. Onun qarşçısını almaq üçün Azərbaycanın hər şeyi var - gücü, ordusu, cəmiyyəti, xalqı, ruh yüksəkliyi, iqtisadi potensialımız və s.".
Təhməz Əsədov