Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 10:40
Artıq Ramazan ayını qarşılamağa hazırlaşırıq. Ötən il olduğu kimi bu il də bütün müsəlman ölkələri kimi Ramazan ayını pandemiya şəraitində keçirəcəyik. Məhz bu səbəbdən ilahiyyatçılar kütləvi şəkildə toplaşmaq yerinə, hər kəsin yalnız öz ailəsi ilə iftar süfrəsində oturmalı olduqlarını qeyd edirlər. Çünki insanların bir araya toplaşması virusun daha da yayılması deməkdir. Bu isə savab qazanmaq istəyərkən günaha batmağımıza səbəb ola bilər.
Sonxeber.net xəzərxəbər-ə istinadən xəbər verir ki, Ramazan ayı yaxınlaşdıqca mübarək ayın olmazsa olmazı iftar süfrələri ilə bağlı məsələ yenidən gündəmə gəlir. Belə ki, oruc tutanlar indiyədək iftar süfrəsini dostları, yaxınları ilə açsa da bu ilki ramazan bir az fərqli keçəcək.
Pandemiya ilə əlaqədar olaraq vətəndaşlar iftar süfrələrini ailə üzvləri və yaxınları ilə açacaqlarını deyirlər.
İnsanlar bu müqəddəs ayda iftar süfrələri təşkil edir, bu cür süfrələrə bəzən 100-200 adam qatılırdı. Amma pandemiya dövründə bunu edə bilmərik-deyən ilahiyyatçı Mirhəmid Məmmədov qeyd edib ki, islam dininə görə insan sağlamlığı daha vacib olduğundan hər kəs xəstəlikdən qorunmaq üçün əlindən gələni etməli, hamı yalnız öz ailəsi ilə iftar süfrəsində oturmalıdır.
İlahiyyatçı onu da əlavə edib ki, Ramazan ayında imkansız şəxslər üçün kütləvi iftar süfrələrinin açılması savabdır. Amma indiki şəraitdə bunu etmək olmaz. Bunun da müxtəlif yolları var.
Qeyd edək ki, aprelin 13-ü niyyət axşamı, 14-ü isə Ramazan ayının ilk günüdür.