Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Peyvəndlə bağlı saxta arayış verilməsinin qarşısı alınmalıdır”

“Peyvəndlə bağlı saxta arayış verilməsinin qarşısı alınmalıdır”

Tarix: 13 Aprel 2021 16:40

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, ölkəmizdə koronavirus əleyhinə peyvənd vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 nəfər işdən çıxarılıb.

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar sürətlə yayılır.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl bildirib ki, insanları vaksinasiyaya məcbur etmək olmaz:

"Peyvənd bütün dünyada yayılan, gündəmdə olan hadisədir, bu, təkcə Azərbaycana aid deyil. Əlbəttə ki, vaksinasiya olunmaq istəməyən vətəndaşlarla mübarizə aparılmalıdır. Lakin bu mübarizə humanist əsaslarla olmalıdır. Bu məsələdə insanları başa düşmək, müsbət nümunələr göstərmək, onları yola gətirmək lazımdır. O ki, qaldı saxta arayışlara, bu, Azərbaycan Səhiyyəsinin yaralı yeri - korrupsiya məsələsidir. Bunun qarşısı alınmalıdır və müəyyən nümunələrlə buna qarşı mübarizə aparıldığı göstərilir. Hüquq-mühafizə orqanları və Səhiyyənin İdarəetmə sisteminin bu işin öhdəsindən gələcəyinə inanıram".

Tanınmış terapevt Rasif Bağırov Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi vaksin növləri ilə bağlı ictimaiyyətdə fikirlərin birmənalı olmadığını, məhz buna görə vətəndaşların vaksinasiyadan qaçdığını qeyd edib:

"Bilirsiniz, vaksinasiya ilə bağlı informasiya vasitələrində verilən məlumatlar insanlarda inam yaratmır. İnam olmadığına görə də vətəndaşlar şayiələrin əlində qalırlar. Bilmirlər ki, kim düz deyir, kim səhv deyir, kim saxta məlumat yayır və s. İnternet saytlarının hərəsi bir söz yazır. Bununlar yanaşı, insanlar öz gözlərinin qabağında Çindən gətirilən vaksinin vurulduğu şəxsin doğurdan da xəstələndiyini görürlər. Eyni zamanda özləri açıqlama verəndə ki, "bizim vaksinin o qədər də gücü yoxdur, 50 faiz effektivliyi var", təbii ki, insanlarda peyvəndə qarşı inamsızlıq yaranacaq. Elə insan var ki, xəstələnməyib, gedib vaksini vurdurduqdan sonra isə olur xəstə. Belə olan halda insanlar təbii ki, qorxacaq, düşünəcək ki, dayandığım yerdə niyə özümü xəstələndirim?"

Həkim TƏBİB-in verdiyi sözləri tutmadığını xatırladaraq, bu kimi halların da insanları vaksinasiyadan uzaqlaşdırdığını deyib:

"Vaksinasiyadan əvvəl TƏBİB demişdi ki, kim peyvənddən sonra xəstələnərsə, yardım edəcəyik, konpensasiya edəcəyik. Kim ölsə, ailəsinə yardım verəcəyik və s. Buna baxmayaraq, peyvənddən sonra xəstələnənlərin hansınınsa ailəsinə hər hansı yardım olunduğunu görmədik. Baxın, bu kimi hallar insanlarda vaksinə qarşı inamsızlıq yaradır".

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.


Etiketlər:  Peyvəndlə bağlı saxta arayış verilməsinin qarşısı alınmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ