Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmən Azərbaycana SAVAŞ ELAN EDİB - Bütün cəbhələrdə...

Düşmən Azərbaycana SAVAŞ ELAN EDİB - Bütün cəbhələrdə...

Tarix: 23 Aprel 2021 10:51

Son illər Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında çox ciddi hücumlara məruz qalır. Xüsusilə biz bunu 44 günlük Vətən müharibəsinin bitdiyini elan edən 10 noyabr üçtərəfəli bəyənatından sonra Azərbaycan ərazilərinə terakt törətmək məqsədilə sızan erməni diversantlarının tərəfimizdən əsir götürüldükdən sonra "Hərbi əsirimizi qaytarın" deyib bütün mümkün olan və olmayan sferalarda hay-həşir salan Ermənistanın haqsız mövqeyinə AŞPA-da gedən müzakirələrə əsasən deyə bilərik. 

Bir müddət öncə başa çatan AŞPA-nın qış sessiyası qurumun Azərbaycana qarşı daha bir qərəzli mövqeyi ilə yadda qaldı. Qurumun Azərbaycanda "siyasi məhbuslar"a dair qəbul edilən hesabatı ölkəmizə qarşı birbaşa təzyiq və milli maraqlarımıza zidd bir sənəddən başqa bir şey deyil. Beləliklə, qurumda ikili standartların hökm sürdüyü son sessiyada aşkar sezildi. Avropa Şurası konstruktiv dialoqa və qarşılıqlı əməkdaşlığa hazır olmalıdır. Azərbaycan bütün çirkin planlara baxmayaraq AŞPA-da ona qarşı yaşanan etimad böhranın öhdəsindən gəlməyə çalışır. 

Bu sessiyada digər əsas diqqət çəkən məqam isə erməni deputatların çıxışı ilə bağlıdır. "Hərbi əsirlər" mövzusunda bütün cəbhələrdə hücuma keçən Ermənistanın diplomatlarının çıxışı Azərbaycanın regionda və bölgədə yaratdığı yeni reallıq şərtlərini qəbul etməkdə çətinlik çəkdiklərini, onların sanki beyinlərinin korroziyaya məruz qaldığını, yeni reallıqlara hazır olmadıqlarını göstərir. Xəyal etdikləri tarixə hələ də inandıqları çıxışlarından bəlli olan erməni deputatlar bir şeyi dərk etmirlər ki, düşdükləri hazırkı vəziyyət məhz azı 30 ildir bu cür düşündüklərinin cəzasıdır. Lakin Assambleyanın Birləşmiş Avropa Sol Qrupu və Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri üzrə məruzəçi Paul Qavan ilə cəzasızlıqdan ağızlarına gələni danışan ermənilərin ciddi fərqinin olmadığı da ortaya çıxdı. O deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 16 mart 2021-ci il tarixli press-relizinə görə, Azərbaycan tərəfindən "əsir götürüldüyü" iddia edilən 188 erməni ilə bağlı məhkəmənin müvəqqəti tədbirləri qüvvədə qalır: "Bu kontekstdə, qrupumuzun əsas narahatlığı odur ki, Məhkəmə Avropa Şurası Nazirlər Komitəsini xəbərdar edib ki, Azərbaycan hökuməti sözügedən şəxslər haqqında məlumat təqdim edilməsi üçün məhkəmə tərəfindən təyin olunan müddətə əməl etməyib". Paul Qavan deyib ki, bu məsələdə "Məhkəmə ilə tam əməkdaşlıq etmək və gecikmədən onların qaytarılmasını təmin etmək Azərbaycanın borcudur".

Göründüyü kimi Assambleya bu müzakirəni də illərdir vərdiş etdiyi qaydada apardı. Parlament Assambleysının "erməni əsrilər"in qaytarılması ilə bağlı göstərdiyi can-fəşanlığı mina xəritələrinin Azərbaycana qaytarılması məsələsində də müşahidə edə bilmədik. Cinayətkar əsirləri müzakirəyə çıxaran AŞPA, erməni minalarından ölən mülki şəxsləri unutması nə qədər qeyri-obyektiv idisə, bir o qədər də təbii idi. Belə nəticə çıxır ki, mövzunun təfərrüatını anlamadan "hərbi əsirlər" məsələsini AŞPA-da müzakirəyə çıxarılması rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini ləngitmək məqsədi daşıyır. 

Ermənistan anlamalı idi ki, AŞPA üzvləri vasitəsilə Bakıya qarşı çıxmaq axmaqlıqdır. Bakı ilə razılaşmağı bacarmaq əvəzinə regionda vəziyyətin daha da gərginləşməsi cəhdlərinə ara verməyən düşmən tərəfi dərk etməlidir ki, artıq bütün cəhdlərinə rəğmən hazırda Qarabağda böyük yenidənqurma işlərinə start verilib. Ermənistan üçün riskləri minimuma endirmək, bölgədə maksimum sabitliyə nail olmaq üçün yeni əməkdaşlıq formatları yaradılmasının alternativi ola bilməz. Rəsmi İrəvan bilməlidir ki, Prezident İlham Əliyevin son çıxışında dediyi kimi, biz öz milli, tarixi və gələcək maraqlarımızı təmin etmək üçün lazımi addımları atacağıq. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Düşmən Azərbaycana SAVAŞ ELAN EDİB Bütün cəbhələrdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ