Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 17:57
"Sərhəd xidməti ilə bağlı beynəlxalq səviyyədə qanun mövcuddur. Bundan əlavə iki ölkə arasında da sərhədlə bağlı müəyyən qanun-qaydalar var".
Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, Ermənistanda daxili vəziyyət necə olur olsun, sərhəddə törədilən istənilən təxribata adekvat cavab verilməlidir:
"Təbii ki, sərhəd pozuntusu torpağa və yaxud həmən dövlətə təcavüz kimi qiymətləndirilir. Ermənistanla indiyə kimi sülh müqaviləsi bağlanmayıb. Ermənistanda indi demək olar ki, hakimiyyətsizlik hökm sürür. Çünkü köhnə hakimiyyət seçkilərə hazırlaşır (İyunda palament seçkiləri). Belə bir vəziyyətdə təxribata bu nöqteyi nəzərdən yanaşmaq lazımdır. Ancaq bununla bağlı sərhəd xidmətinin özünün tapşırıqları var. Bu, kompleks tələblərdir.
Prezident İlham Əliyev də hər zaman dediyini edib. Bildiyiniz kimi, o, Tovuz hadisələrində son xəbərdarlığı etdi. Bəlli ki, biz bundan sonrakı təxribata cavab verməklə kifayətlənməyəcəyik. 2020-ci ilin 27 sentyabrda düşmənin təxribatından sonra Azərbaycan təxribatlara cavab olaraq öz torpaqlarını əks-hücum əməliyyatı keçirdərək işğalçılardan azad etdi, Azərbaycan Zəfər qazandı. İndi də Ermənistanda vəziyyət necə olur olsun, sərhədlə bağlı məsələlər məhz bu çərçivədə həll olunmalıdır. Hər hansı bir təxribat adekvat cavab almalıdır. Düşünürəm ki, Prezident İlham Əliyev də bu ismarıcı verərək Ermənistan tərəfi və orada sərhəddə təxribat törətmək niyyətində olan revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi. Prezidentin dediyi kimi, bizim Dəmir yumruğumuz torpağımızda gözü olanı əzmək üçün hər an işə salına bilər. Xəbərdarlıq edilmənin də səbəbi məhz gələcək təxribatın olmaması üçündür.
Ali Baş Komandanın bu xəbərdarlığı eyni zamanda Dövlət Sərhəd Xidmətinin rəisinə bir tapşırıqdır ki, növbəti təxribat olarsa, ona tam adekvat cavab versin. Baxmayaraq ki, biz müharibədən çıxmışıq, düşməni darmadağın etmişik, onlarda olan vəziyyətdən xəbərdarıq, bu gün Azərbaycanın yetərli qədər hərbi gücü, qüdrəti, potensialı var ki, hər hansı bir təxribatın qarşısını ala bilsin. Bizim buna zərrə qədər də şübhəmiz yoxdur. Müharibədən sonra Azərbaycan Ordusuna əminliyimiz, güvənimiz daha da artdı.
Düşünürəm ki, Azərbaycanın Ali Baş Komandanının bu mesajına Ermənistanda da diqqətlə yanaşacaqlar və belə təxribatlara çalışarcaqlar bir də əl atmasınlar. Bilirik ki, Azərbaycanın Ermənistanla müəyyən sərhəddə qədər təhlükəsizlik qarantiyasını Rusiya dövləti öz üzərinə götürüb. Bu təxribatın məsuliyyəti də müəyyən bir şəkildə orada yerləşən 102-ci bazaya da aiddir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu mesajı onlar tərəfdən də nəzərə alınacaqdır".
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışından sonra hərbi qulluqçularla görüşündə çıxışı zamanı "Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək" sözləri ilə rəsmi İrəvana xəbərdarlıq edib.
Təhməz Əsədov