Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhidin lizinq borcunu kim ödəməlidir? - VİDEO

Şəhidin lizinq borcunu kim ödəməlidir? - VİDEO

Tarix: 29 Aprel 2021 10:54

II Qarabağ müharibəsində şəhid olmuş Fərrux Bayramovun müharibədən öncə lizinqlə aldığı avtomobilin borcu ödənməmiş qalıb. Bununla bağlı lizinq şirkəti "YAŞAT" Fondundan cavab gözləyir, "YAŞAT" Fondu isə deyir ki, ailə bu məsələ ilə bağlı Fonda müraciət etməlidir. Fakt isə budur ki, borc hələ də ödənməmiş qalıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsinə könüllü olaraq qatılan Fərrux Bayramov müharibəyə yollanmazdan öncə lizinqlə avtomobil alıb. Müharibənin davam etdiyi müddət ərzində lizinq şirkəti avtomobilin ödənişini dayandırsa da, sonradan vəziyyət dəyişib.

Şuşa uğrunda gedən döyüşlərdə Fərrux Bayramov şəhadətə yüksəlib. Aldığı avtomobilə görə olan borcunu isə indi ailəsi ödəmək məcburiyyətində qalıb. Amma ailənin maddi vəziyyəti buna imkan vermir..

Şəhidin qardaşı Soltan Bayramovun sözlərinə görə, daha əvvəl "YAŞAT" Fondu tərəfindən valideynlərin banka olan kredit borcları bağlanıb. Amma maşınla bağlı olan məsələ həllini tapmır.

Hətta lizinq şirkəti avtomobilin sürülməsi üçün lazım olan etibarnaməni pul ödənmədiyinə görə sentyabr ayından bu günə kimi ailəyə vermir.

Məsələdə adı hallanan "Midos" lizinq şirkətinin direktoru Həmid Mirzəyev bildirdi ki, bu məsələ ilə bağlı onlar da "YAŞAT" Fonduna müraciət ediblər. Daha əvvəl bənzər məsələ başqa bir şəhid ailəsi ilə də yaşanıb və bu ailənin ödənişi "YAŞAT" Fondu tərəfindən həyata keçirilib.

"YAŞAT" Fondundan bildirildi ki, onlar şəhidin ailəsini ziyarət ediblər və ailənin bildirdiyi problemlər üzrə ehtiyacları təmin olunub. Qaldı ki, lizinq məsələsinə, bununla bağlı ailə tərəfindən fonda ediləcək müraciət əsasında araşdırmalar aparılacaq. Fond öz səlahiyyətləri çərçivəsində şəhidin ailəsinin ehtiyaclarını qarşılamağa hazırdır.


Etiketlər:  Şəhidin lizinq borcunu ödəməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ