Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son şəklini məzar daşı üçün çəkdirən döyüşçü - VİDEO - FOTO

Son şəklini məzar daşı üçün çəkdirən döyüşçü - VİDEO - FOTO

Tarix: 5 May 2021 23:44

Şəhid Zaur Dadaşov Vətən müharibəsi başlamazdan bir ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlamışdı. Hərb sənətinin vurğunu olan Zaur Qarabağ uğrunda savaşın ilk günündən döyüşlərə qatılıb. İyirmi üç yaşlı qəhrəman cəbhənin cənub istiqamətində düşmən üzərinə yeriyən həmlə qruplarında yer alıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Zaur Dadaşov Cəbrayıl və Füzuli uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına vuruşub. Oktyabrın 11-də Füzuli rayonu Kənd Horadiz kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

"Zaur hərbi xidmət zamanı da ermənilərlə üzbəüz mövqedə qulluq etmişdi. Əsgərlikdən gələndən sonra da dedi ki, hərbçi olmaq istəyir. Məktəbi əla qiymətlərlə oxumuşdu. Ali təhsil alacağını düşünürdük. Amma özünü hərbi sahədə gördüyünü söylədi. Biz də razılıq verdik. O hərbçi kimi işə girəndən bir ay sonra Vətən müharibəsi başladı. Orada olduğu müddətdə həmişə bizi arxayın elədi. Biz narahat olmayaq deyə, döyüşlərdə olmadığını söyləyirdi. Sonuncu dəfə oktyabrın 11-i zəng etdi. Mənimlə, anası ilə qısa söhbət etdi. Dedi ki, siz hələ çox yaxşı xəbərlər eşidəcəksiniz", - deyə şəhidin atası Zümrüd Dadaşov bildirib.

Zaur Zümrüd oğlu Dadaşov 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Xaçmaz rayonunun Seyidli kəndində yaşayan Zaur məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.

"General Polad Həşimov şəhid olandan sonra bütün cavanlarda olduğu kimi Zaurda da düşmənə çox böyük nifrət hissi oyanmışdı. Həmin hadisələr vaxtı onun giziri Yaşar Babayev də şəhid olmuşdu. Bütün gün öz otağına çəkilib onların şəkillərinə baxırdı. Sonra hərbi komissarlığa gedib cəbhəyə yollanmaq üçün könüllü yazılmışdı. Müharibəyə getməzdən üç gün əvvəl evə gəlmişdi. Biz onu gözləmirdik. Birdən qapıda gördüm və əsgər salamı verdim. Çox xoşuna gəldi. Səhər işə gedəndə məni bərk-bərk qucaqlayıb öpdü. Adətən belə etmirdi. Mən Zaurla fəxr edirəm" , - deyə şəhidin anası Qətibə Dadaşova söyləyib.

Zaur şəhid olmazdan əvvəl savaş meydanında şəkil çəkdirərkən döyüş yoldaşlarına: "Mən şəhid olsam, bu şəkli məzar daşıma vurarsınız", - sözlərini söyləyib.

"Zaur mənim böyük qardaşımdır. Döyüşə getməmişdən qabaq mənimlə danışdı. Cəbhəyə getdiyini, amma evdə bildirməməyi tapşırdı. Müharibə günlərində imkan tapanda zəng edirdi, danışırdıq. Anama, atama şiddətli döyüşlərdə olduğunu bildirmirdi. Amma özü hər an şəhid olmağa hazır olub. Orada şəkil çəkdirəndə döyüş yoldaşlarına deyib ki, şəhid olsam, bu fotomu məzar daşıma vursunlar. Onun telefonu bizə gəlib çatanda artıq məzarı hazır idi. Amma biz onun arzusunu yerinə yetirəcəyik" , - deyə şəhidin qardaşı Ziya Dadaşov söyləyib.

Döyüşlərdə yüksək şücaət və igidlik göstərən Zaur Dadaşov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.


Etiketlər:  şəklini məzar daşı üçün çəkdirən döyüşçü VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ