Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2021 10:42
Ermənistanda seçkiqabağı hakimiyyətlə müxalifət arasında ittihamlar səngimir. Tərəflər arasında əsas mövzu da Qarabağdakı məğlubiyyətdə günahkarın üzə çıxarılmasıdır. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bunu parlamentdəki hökumət saatı zamanı keçmiş prezidenti Serj Sarkisyanın vaxtilə Dağlıq Qarabağ ərazisinin yarısına qədərini Azərbaycana verməyə hazır olduğunu bildirib.
"Sputnik Ermənistan"ın xəbərinə görə, Paşinyan Sarkisyanın 2016-cı ilin noyabrında "Russia Today" agentliyinə verdiyi müsahibəsini xatırladıb. "Sarkisyan müsahibəsində 7 bölgəni Azərbaycana təslim etməyə hazır olduqlarını söyləyib. Ancaq Azərbaycan daha çox şey tələb edib. Sarkisyan deyir ki, hər dəfə Azərbaycan yeni tələblər irəli sürürdü. Mən sizə daha çox şeyi söyləyəcəyəm - Serj Sarkisyan Azərbaycana daha çox, Qarabağın yarısına qədər verməyi təklif etdi, amma Azərbaycan razılaşmadı" - deyə Paşinyan bildirib.
Paşinyan Robert Koçaryan və Serj Sarkisyanı Dağlıq Qarabağı şəxsi maraqları üçün "satan" xain adlandırıb: "Robert Koçaryan və Serj Sarkisyan, siz vətən xainisiniz! Biz sizin xəyanətinizə qarşı mübarizə apardıq. Xəyanətinizi müharibə dövründə də davam etdirdiniz". Paşinyana görə, keçmiş erməni səlahiyyətliləri genetik səviyyədə ermənilərdə müharibə qorxusu aşıladılar. O, Sarkisyanın "pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır" ifadəsini xatırladıb.
Paşinyan Koçaryan və Sarkisyanı ordunu müharibəyə hazırlamamaqda da ittiham edib. Koçaryanı 1998-ci ildə danışıqlar prosesindən "Qarabağı çıxarıb atmaqda" günahlandırıb. Paşinyana görə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları çıxılmaz vəziyyətə gətirən keçmiş hakimiyyət orqanları oldu və nəticədə də Azərbaycanla müharibə qaçılmaz oldu.
Azər Nuriyev