Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşadan ermənilərə göndərilən iki mesaj

Şuşadan ermənilərə göndərilən iki mesaj

Tarix: 16 May 2021 16:42

44 günlük müharibə ilə Azərbaycan 30 illik ədalətsiz vəziyyəti xeyrinə dəyişərək haqqı olanı özü öz gücünə əldə etdi. 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan Azərbaycan münasibətlərində yeni bir mərhələ - postkonflikt mərhələsi başladı.

II Qarabağ müharibəsinin gedişatında olduğu kimi Prezident İlham Əliyev bu mərhələdə də informasiya savaşının önündə gedərək Azərbaycanın haqlı mövqeyini verdiyi qərarlar, etdiyi açıqlamalarla dünya ictimiyyətinə çatdırmaq baxımından çox önəmli işlər bacardı və bunu etməkdə davam edir. Belə addımlardan biri Vətən müharibəsinin bitməsindən 6 ay sonra dövlət başçısının Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi musiqi beşiyimiz Şuşada düz 32 il sonra Cıdır düzündə "Xarıbülbül" festivalının keçirilməsini misal göstərmək olar. Ermənilərin Şuşa şəhərini işğal etməsilə bu mədəni hadisə də bir növ işğal altına düşmüşdü. Uzun müddətdən sonra Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi həm də Azərbaycan mədəniyyətinin işğaldan azad olunmasının bir nümunəsi hesab edilə bilər. 

Bu bir zərurət idi və biz o festivalı ermənilərin əsassız iddialarına cavab olaraq məhz Şuşada, Cıdır düzündə növbəti dəfə keçirdik, bununla bütün dünya ictimiyyətinə mesaj verdik ki, Qarabağ bizimdir, Şuşa bizim tarixi şəhərimizdir. Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra belə bir festival Azərbaycan üçün hava-su qədər əhəmiyyətli idi. "Xarıbülbül" bir musiqi, muğam festivalı olmaqla yanaşı, həm də bədii formada bir siyasi-ideoloji tədbir idi. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması isə xüsusilə yadda qalan bir hadisə oldu. Bu festival başdan sona qədər həm Ermənistana, həm havadarlarına, həm də dünya erməniçiliyini müdafiə edənlərə mesajlardan ibarət idi. Ən diqqətçəkən mesajlarından biri isə illər sonra bu il birinci dəfə keçirilən iki günlük "Xarıbülbül" musiqi festivalının ilk günü məhz səhnəyə Azərbaycanda yaşayan azsaylı xalqların folklor qruplarının çıxışlarına xüsusi önəm verilməsi hadisəsi idi. Azərbaycan bununla bir daha "Biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik" deyib hay-həşir salan ermənilərə, onları müdafiə edən dövlətlərə, onların başçılarına azərbaycanlıların necə mədəni xalq olduğunu növbəti dəfə sübut etməklə, həmin azsaylı xalqların nümayəndələri ilə bir ölkənin sərhədləri daxilində necə mehriban yaşadıqlarını nümayiş etdirməklə yanaşı, eyni zamanda Vətən müharibəsinin səhnədə simvolizəsi idi. Çünki 44 günlük müharibə Azərbaycanın hər qarışını, hər bir vətəndaşını bir yumruq kimi birləşdirdi, hansı xalqın nümayəndəsi olmasından asılı olmayaraq bir vətənimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, ona uzanan əli kəsmək üçün birlik, həmrəylik nümayiş etdirərək tarixə şərəflə yazılacaq bir iz buraxdı. 

Prezident İlham Əliyev mayın 12-də Şuşada "Xarıbülbül" festivalının açılışında iştirak edərkən dediyi kimi, "Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etmələri tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

Bəli, mədəniyyət paytaxtındakı tədbirə mötəbər qonaqlar, böyük sənət və siyasət adamları toplaşmışdı. Lakin "Xarıbülbül" festivalının xüsusi qonağı milli ruh idi. 

Azərbaycan vətəndaşları olan udinlər, ləzgilər, talışlar, tatlar, inqiloylar, avarlar, ruslar, gürcülər və s. səhnəyə çıxmaqla "Biz vahid Azərbaycanıq" mesajı vermiş oldular ki, bu da ermənilərin əsrlərdir yaymağa cəhd etdikləri fitnə-fəsadı faktiki olaraq II Qarabağ müharibəsindən sonra növbəti dəfə fiaskoya uğratdı. 

Azərbaycan bu məramı ilə dünyaya nümayiş etdirdi ki, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hələ müharibəyə kimi də Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdi və bu festivalla bir daha təsdiq etdi ki, bu, mümkündür. II Qarabağ müharibəsi göstərdi ki, Azərbaycanın səyləri nəticə verdi. 

Artıq Şuşa kimi, onun işğal edilən mədəniyyəti də azadlığına, öz sahiblərinə qovuşub. Azərbaycan dövləti bu ərazilərdə öz mədəni irsini bərpa etməyə başlayıb. Azərbaycan xalqının öz torpaqlarına qayıdışı məhz Şuşadan "Xarıbülbül" ilə başladı...

Təhməz Əsədov


Etiketlər:  Şuşadan ermənilərə göndərilən mesaj


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ