Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Şuşa və Hadrut üçün plan qurub? - Zəngəzur həyasızlığının SƏBƏBİ

Ermənistan Şuşa və Hadrut üçün plan qurub? - Zəngəzur həyasızlığının SƏBƏBİ

Tarix: 19 May 2021 10:54

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərləri Tacikistanın paytaxtı Düşənbədə görüşür. İclasda Ermənistanın Qaragöl ətrafında yaranan mübahisəli vəziyyətlə bağlı məsələ qaldıracağı artıq öncədən bəllidir. KTMT-ni bu proseslərə cəlb etmək istəyən Ermənistan Düşənbəyə böyük ümidlərlə yollansa da Rusiyanın liderlik etdiyi təşkilata üzv dövlətlərin rəsmi İrəvanın səsinə səs verəcəyi inandırıcı görünmür. 

Son günlər Ermənistan həyasızlığının növbəti təzahürünə çevrilən Qaragöl ətrafında cərəyan edən proseslər rəsmi İrəvanın məqsədinin nədən ibarət olduğunu açıq ortaya qoyur. Belə ki, Nikol Paşinyan qarşıdan gələn 20 iyun parlament seçkiləri öncəsi özünə divident qazanmaq üçün guya Azərbaycana qarşı bağışlanmaz mövqe nümayiş etdirmək kimi planından yararlanmaq niyyətinə düşüb. Çünki seçkilərin keçiriləcəyi tarix yaxınlaşdıqca siyasi qüvvələr arasında mübarizə güclənməyə başlayıb. Nəzərə alsaq ki, Erməni Milli Konqresinin rəhbəri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da artıq seçkidə iştirak edəcəyini açıqlayıb və son günlər etdiyi açıqlamalarla Paşinyanın yürütdüyü siyasəti səriştəsiz, yaramaz adlandırıb, o zaman təhlükəni hiss edən Paşinyanın bu cür həmlələri təəccübləndirməməlidir. Məhz bunun üçün də Paşinyan rejimi Qaragöl məsələsindən istifadə edərək manipulyativ çıxışlarla diqqət çəkməyə başlayıb. Buna misal olaraq Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən rəsmi Bakıya qarşı səsləndirilən "Məsələ siyasi yolla həll edilməsə, hərbi güc amili qaçılmaz ola bilər" təhdid xarakterli fikirlərini göstərə bilərik. Bunun seçkilərə oynamaqdan başqa bir şey olmadığını ən optimist erməni də anlayır. Çünkü cəmi 6 ay əvvəl 44 günlük II Qarabağ savaşında Azərbaycan Ordusunun faktiki olaraq yox etdiyi elə məhz Ermənistan Ordusu idi ki, mütəxəssislər bundan sonra hayların özünə gəlməsi, eyni ordunun bərpası üçün ən azı 10 il vaxta ehtiyacları olduqlarını müxtəlif faktlarla qeyd edirlər. 

Paşinyan rejiminin KTMT-nin Düşənbə görüşündə Zəngəzurdakı sərhəd qalmaqalını gündəmə gətirmək səbəblərindən biri isə təşkilata üzv dövlətlərin hərbi dəstəyini almaq, regiona həmin ölkələrin silahlı birləşmələrini cəlb etmək və münaqişənin miqyasını böyüdərək Şuşa və Hadrutu yenidən işğal etmək üçün lazımı dəstəyi almaqdır. Amma Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Şuşa və Hadrutu yenidən işğal etmək barədə revanşist fikirlər səsləndirməkdən çəkinməyəcəkləri təqdirdə Azərbaycanın Dəmir yumruğunu bir daha görəcəkləri barədə artıq xəbərdar edib.

Və ən əsas, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında sərhəd məsələsini manipulyasiya etmək cəhdinin əsas səbəbi kimi 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında nəzərdə tutulan kommunikasiyaların açılması məsələsinə mane olmaq üçün atılan addımlardan sadəcə biridir. Xüsusi ilə də son vaxtlar Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində rəsmi Bakının atdığı addımlar, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər İrəvanı bu kommunikasiya xətlərinin fəaliyyyətə başlamaması üçün ard-arda provokativ gedişlər etməsinin şahidi oluruq. 

Lakin Ermənistanda seçkiöncəsi artan gərginlik, digər tərəfdən ölkədə mövcud olan ağır sosial durum, işsizlik problemlərin girdabında olan Ermənistanı uçuruma yuvarlamaqda davam edir. Daxili prosesləri taleyin ümidinə buraxan rəsmi İrəvanın sadaladığım planlarını isə növbəti xülyaları hesab etmək olar. Çünkü artıq istər Rusiya, istərsə də KTMT-nin aparıcı dövlətləri Belarus, Qırğızıstan və Qazaxıstan faktiki olaraq Azərbaycanın delimitasiya və demarkasiya işlərinə dəstəklərini nümayiş etdirdilər. Bu gün təşkilatın XİN rəhbərlərinin nəzərdə tutulan iclasından da Ara Ayvazyanın İrəvana əliboş, naümid dönəcəyi gözlənilir. Çünkü dünən Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərə gəlməsi Ermənistana bu iclas öncəsi verilən növbəti mesaj idi. Viktor Xreninin Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi "Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapmışıq", "Cənab Prezident, Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün Sizin əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, Sizin müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və Sizin diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq" kimi fikirlərin isə rəsmi İrəvana soyuq duş effekti yaratdığını erməni mətbuatında Xreninin Bakı səfəri ilə bağlı yazılan xəbərlərdən də hiss etmək mümkündür. 

Təhməz Əsədov


Etiketlər:  Ermənistan Şuşa Hadrut üçün plan qurub Zəngəzur həyasızlığının SƏBƏBİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ